Yevlaxda qazilərlə görüş keçirilib

Bölmə: Siyasət › ,
Tarix: 18:43 12.04.2023

Aprel ayının 12-də Yevlax şəhəri Yeni Azərbaycan Partiyasının binasında  “Hansı daha təhlükəlidir: müharibə, yoxsa informasiya?" layihəsi  çərçivəsində qazilərlə görüş keçirilib. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İB-nin təşkilatçılığı ilə reallaşır. 

Görüş vətən uğrunda həlak olan şəhidlərimizin anımı ilə başlayıb.Layihənin rəhbəri Bəsti Nəsibova tədbiri açaraq proyektin məqsədləri və gözləntiləri haqda danışıb: “Tədbirdə təqdim etdiyimiz məlumatlar yeni metod və bilgilərə əsaslanıb.Qazilərimizinin bu sahədə maariflənməsi xüsusilə önəmlidir. Onlara cəmiyyətimizdə olan sevgi və hörmət qazilərin təhrikedici saxta məlumatların önünə keçməsinə imkan yaradır. Hər bir qazının arxasında onun ailəsi, doğmaları və daim ünsiyyətdə olduğu sosium dayanır. Bu isə layihənin təsir dairəsini genişləndirir”.

 

Jurnalist və kvant psixoloqu Gülnara İnanc media savadlılığının sosial şəbəkədən istifadə edən cəmiyyətin hər bir üzvü üçün vacib olduğunu vurğulayıb:”Biz yayılan hər video, foto və yazılı məlumata inanmağa məcbur deyilik. Birisi düşünmədən  emosional depressiv vəziyyətdə informasiya yayarkən  bunun başqalarına necə təsir edəcəyini düşünmür. Təəssüf ki, informasiya saytları və qəzetlərin səhifələri də bu cür yanaşmalardan xali deyil.

Bundan əlavə, yalan məlumatlar məqsədyönlü olaraq düşmənlərimiz tərəfindən ölkəmizdə qarışıqlıq və etimadsızlıq, kütləvi psixoz yaratmaq üçün nəzərdə tutulub.Azərbaycan 44 günlük savaşda qalib gəlsə də Ermənistan onun bölgədəki və Qərbdəki himayədarları xalqımıza və ölkəmizə qarşı düşmənçiliyini davam etdirməkdədir.

İran Ermənistanı dəstəkləməklə yanaşı Azərbaycanda dövlət quruluşunu dəyişmək, cəmiyyətdə dini və etnik zəmində nifaq yaratmaq üçün ideoloji və fiziki terrordan istifadə edir.

Beləki, biz həm xəbəri alanda, həm də xəbəri yayanda diqqətli olmalı mənbənin etibarlı olmasına diqqət etməli, xüsusilə də rəsmi qaynaqlara söykənməliyik. Düşmənlərimiz qazilərin, şəhid ailələrinin həssaslıq və emosionallığından istifadə edərək cəmiyyətdə güvənsizlik, etimadsızlıq, düşmənçilik yaratmağa çalışır.”

   Yevlax şəhər İcra hakmiyyətinin nümayəndəsi  Xaliq Əliyev öz növbəsində rəsmi mənbələrə istinadın vacibliyini vurğulayıb : “ Bu halda saxta, düşmənin maraqlarına xidmət edən informasiyaların önünə keçə bilərik.”

Görüş qazilərin mövzu ilə bağlı fikir   mübadiləsi ilə davam edib.

Layihə Mingəçevir, Yevlax və Goranboy , Bakı şəhərlərini əhatə edir.