Zərifə Əliyevanın xatirəsi yad edilib

Bölmə: Siyasət › ,
Tarix: 22:25 28.04.2023

Aprelin 28-i görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirə günüdür.
 
“Əgər mən peşəkar ədəbiyyatçı kimi Zərifə xanım Əliyeva haqqında əsər yazası olsaydım, heç şübhəsiz, onu “Əvəzolunmaz insan haqqında povest” adlandırardım” – bu fikrin müəllifi professor Şmelyovadır. Onu yaxından tanıyanların hamısı bu zərif və nəzakətli, alicənab və ziyalı xanımı hər şeydən əvvəl, məhz sadə insan, olduqca səmimi, ölçülü-biçili hərəkət və davranış yiyəsi, böyük mədəniyyət sahibi kimi səciyyələndiriblər.
 
Akademik Zərifə Əliyevanın alim kimi tibb elmində qazandığı böyük uğurlar heç kimə sirr deyil və bu uğurlar onun Azərbaycan elmində, ümumilikdə tibb aləmində təsdiqlənmiş, qəbul olunmuş sabit yerinin qarantıdır.
 
Zərifə xanım, sözün əsl mənasında, böyük həkim idi. O, Azərbaycan oftalmologiya məktəbinə öz dəyərli töhfəsini verib, gənc kadrların hazırlanmasında çox böyük fəaliyyət göstərib. Eyni zamanda, insanların görmə qabiliyyətinə mənfi təsir göstərən istehsalatlarda onun laboratoriyaları fəaliyyət göstərib. Bu laboratoriyalarda bir tərəfdən insanların sağlamlığına zərərli istehsalların təsiri öyrənilib, eyni zamanda, xəstələrin müalicəsi də təşkil edilib.
 
Onun əsərləri, elmi monoqrafiyaları bu gün də öz aktuallığını itirmir. Bir alim kimi Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş, Sovet İttifaqının oftalmologiya elmində ən yüksək mükafat olan Averbax mükafatına layiq görülmüşdür. Qlaukoma, peşə oftalmologiyası, göz travmatizmi, görmə orqanının virus zədələnməsi, bədxassəli şişlər, göz yaşı yolu xəstəlikləri - bu və digər istiqamətlərdə aparılan tədqiqatların nəticələri iki yüzə qədər məqalə, məruzə, monoqrafiyada öz əksini tapmışdı. Onun bir çox əsərləri, dərslikləri oftalmoloqların stolüstü kitabları kimi daim vərəqlənir, oxunur, praktiki fəaliyyətlə məşğul olan göz həkimləri tərəfindən çox yüksək qiymətləndirilir. O, həkim etikası və tibbi deontologiya kimi çox həssas sahələrə xüsusi diqqət yetirib. Həkimin cəmiyyətdə roluna, onun peşəkar fəaliyyətinə həsr etdiyi çoxsaylı məqalə və çıxışları, eləcə də "Yüksək əqidə" adlı kitabı cəmiyyətimizdə həkim şəxsiyyətinin formalaşması prosesinə dəyərli töhfələr verib.
 
O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Az-n Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olub, Əməkdar elm xadimi kimi şərəfli adı da ləyaqətlə daşıyıb. Amma uğurları nə qədər çox olsa da, ömür payı o qədər qısa olub. Elə bir bahar günündə - 15 aprel 1985-ci ildə dünyasını dəyişib. Ömrü 62 il olub. Amma onun 62 illik ömrünə həm də böyük siyasətçinin həyat yoldaşı, Azərbaycanın dövlət başçısının anası, ölkənin birinci xanımının qayınanası, qayğıkeş nənə və neçə insana gözünün nurunu qaytarmış fədakar həkim olmağa qədər böyük pay düşmüşdü.
 
Hər birimiz şahidik: ümummilli Heydər Əliyev kimi möhkəm iradəli insan, qüdrətli bir şəxsiyyət yalnız onun, sonsuz məhəbbətlə sevdiyi bu qadının xatirələri qarşısında kövrəlirdi....
Aprelin 28-i görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirə günüdür. O, yaddaşlarda gözəl alim, qayğıkeş insan, ləyaqətli ziyalı, sədaqətli ömür yoldaşı, gözəl ana kimi əbədiləşib. 1923-cü ilin bir bahar günündə dünyaya gələn, ürəyində və əməllərində işıqlı amalları, nəcib duyğuları yaşadan, ləyaqətli bir ömür yaşayan Zərifə xanımın parlaq xatirəsi qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq.
Yazgül Abdıyeva
“Sağlamlığın Qorunması” İB-nin sədri,
Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi-məlumat, tədris və təşkilati-metodik bölməsinin rəhbəri,