ANSA xəbər agentliyi Bakıdan yazıb

Bölmə: Mədəniyyət › ,
Tarix: 17:32 16.02.2015

İtaliyanın nüfuzlu ANSA xəbər agentliyinin saytında getdikcə müasirləşən Bakının turizm imkanları haqqında məqalə yayımlanıb.

Yazıda müasir Qərb yanaşması və ənənəvi Şərq gözəlliyi ilə ahəng təşkil edən paytaxt Bakı şəhəri, müasir təmtəraqlı tikililəri, Azərbaycanın zəngin mədəni irsinin, adət-ənənələrinin və qədim tarixinin izləri, UNESCO-nun Dünya İrs Siyahısına daxil edilən Şirvanşahlar sarayı, Qız qalası, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, Abdulla Şaiq adına Dövlət Kukla Teatrının binası, köhnə hamamlar və bir çox digər obyektlərin öz tarixi görkəmi ilə turistləri cəlb etdiyi qeyd olunub.

Məqalədə Böyük İpək Yolu üzərində yerləşən Bakının tarixən tacirlərin və səyahətçilərin əsas məkanlarından biri olduğu və minlərlə xalça növü saxlanılan Azərbaycan Xalça Muzeyi gələnlərin böyük marağına səbəb olduğu vurğulanır.

Müasir Bakı haqqında ilk növbədə dünya şöhrətli memar Zaha Hadidin layihəsi əsasında inşa edilmiş Heydər Əliyev Mərkəzi və müasir Bakının rəmzi sayılan "Alov qüllələri" kompleksi xüsusi qeyd olunur.
Məqalədə, həmçinin zəngin enerji ehtiyatlarına malik Azərbaycanın neft sənayesinin inkişaf tarixindən bəhs edilməklə yanaşı, muzey kimi fəaliyyət göstərən Nobel qardaşlarının iqamətgahı - Villa Petrolea, Atəşgah məbədi və 2004-cü ildə yaradılmış Bakı Nobel İrsi Fondundan da söhbət açılır. Qeyd olunur ki, Atəşgah məbədində yerin təkindən çıxan alov hamını heyrətə gətirir.