“Şöhrət” ordeni sahiblərinə təqdim olunub
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//201502/5779415_0.jpg)
Tarix: 17:36 16.02.2015
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı müvafiq sərəncamlara əsasən, Əməkdar memar, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü Rəhim Məmi oğlu Seyfullayev, Azərbaycan Dövlət Nəşriyyatının direktoru, Prezident təqaüdçüsü Azər Abdulla oğlu Mustafazadə və Azərbaycan Xalça Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru Röya Tağıyeva "Şöhrət" ordeni ilə təltif ediliblər.
Fevralın 16-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yüksək dövlət təltiflərini sahiblərinə təqdim etdi. Nazir "Şöhrət" ordeninə layiq görülmüş mədəniyyət xadimlərini ölkə başçısının adından təbrik edərək onların hər birinin fəaliyyət göstərdikləri sahələrdə böyük xidmətləri olduğunu vurğulayıb.
Qeyd olunub ki, memar Rəhim Seyfullayevin şəhərimizdə bir sıra mədəniyyət obyektlərinin yaradılmasında, Azər Mustafazadənin ölkəmizdə nəşriyyat işinin təkmilləşməsində və Röya Tağıyevanın Xalça Muzeyinin fəaliyyətində, eləcə də dekorativ-tətbiqi sənətimizin inkişafında xidmətləri dövlət başçısı tərəfindən yüksək qiymətləndirilib.
Əbülfəs Qarayev təltif olunanları bir daha təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.