Ərdoğan sosial media hesabından seçicilərinə səsləndi
Bölmə: Siyasət › ,Tarix: 16:01 25.05.2023
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də keçiriləcək seçkilərin ikinci turu öncəsi sosial media hesabında daha bir paylaşım edib.
İnformator.az məlumat verir ki, Ərdoğan paylaşımında bu fikirləri yazıb:
"Biz mayın 14-də seçki qutusunda Türkiyə demokratiyasının gücünü görməklə yanaşı, "qavrayış köpüyü"nün söndürülməsinə də şahid olduq. Diktatura iddialarının tamamilə cəfəngiyyat olduğunu göstərdik. Ölkəmizdəki seçki prosesi saysız-hesabsız həqiqətlərin dərk edilməsinə vəsilə oldu. Bəs onlar nə idilər? Bunlar Türkiyəyə qarşı "diktatura” böhtanları idi. Bunlar öz ölkəsində seçicilərin yarısını belə seçki məntəqələrinə gətirə bilməyənlərin apardığı qarayaxma kampaniyaları idi. Haqqımızda beynəlxalq mətbuatda aparılan məkrli psixoloji əməliyyatlar idi. Müxalifətin açıq şəkildə təkrarladığı yalanlar və saxtakarlıqlar idi. Bu, CHP sədrinin və tərəfdarlarının göstərdiyi qorxu siyasəti idi. Türk Millətinin iradəsinin zəncirlə bağlana bilməyəcəyini göstərdik. Biz göstərdik ki, yalanla, böhtanla, qorxu siyasəti ilə seçkiləri udmaq olmaz. Göstərdik ki, nifrət dolu sözlərlə xalqın ürəyinə girmək mümkün deyil. Siyasi qazanc naminə separatçılarla, FETÖ-çularla yeriməyin mümkün olmadığını göstərdik. Bir çox başqa faktlarla yanaşı, son 21 ildə demokratiyamızın yetkinlik səviyyəsini, millətimizin uzaqgörənliyini bir daha bütün dünyaya göstərdik. Hansı siyasi partiyaya səs verməsindən asılı olmayaraq, 85 milyon insanla birlikdə buna nail olduq. İnşallah, mayın 28-dən sonra biz ölkəmizin bütün bu uğurlarını birlikdə daha da irəli aparacağıq".