"Bölgələrdən paytaxta" layihəsi davam edir-Fotolent

Bölmə: Mədəniyyət › ,
Tarix: 11:42 03.03.2015

Mədəniyyət və Turizm Nazirliyinin "Bölgələrdən paytaxta" layihəsi davam edir. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında layihə üzrə növbəti tədbir - Qəbələ rayonunun təqdimatı keçirilib. Tədbir Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Qəbələ Rayon Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə reallaşıb.

Əvvəlcə tədbir iştirakçıları teatrın foyesində Qəbələ rayonunun sosial-iqtisadi inkişafını, zəngin mədəniyyətini, adət-ənənələrini, bölgənin turizm imkanlarını əks etdirən sərgi ilə tanış olub. Stendlərdə Qəbələ rayonunda istehsal olunan ərzaq məhsulları, dekorativ tətbiqi sənət ustalarının əl işləri, rayon haqqında kitablar, rəsm əsərləri nümayiş olunurub. Həmçinin rayonda istehsal olunan kənd təsərrüfatı məhsulları və bölgənin zəngin mətbəxi, turizm imkanlarını əks etdirən stendlərə xüsusi yer verilib.

Açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qeyd edib ki, son illər Azərbaycanda mədəniyyət və turizm sahəsinin inkişafı istiqamətində görülən tədbirlər regionlara da müsbət təsirini göstərir. Ölkə başçısı tərəfindən qəbul edilmiş regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası nəticəsində bölgələrdə yeni muzeylər, kitabxana və musiqi məktəbləri, mədəniyyət mərkəzləri istifadəyə verilib, tarixi abidələrin bərpası istiqamətində mühüm işlər görülüb. Regionlarda respublika səviyyəli tədbirlərlə yanaşı beynəlxalq tədbirlərin təşkili də artıq ənənə halını alıb.

Nazir vurğulayıb ki, Azərbaycanın qədim və zəngin mədəniyyətinin geniş təbliğ edilməsi, regionlararası mübadilənin gücləndirilməsi, yerlərdəki mədəni və turizm potensialının nümayiş etdirilməsi məqsədilə il ərzində Bakıda "Bölgələrdən paytaxta" adlı mədəni tədbirlər davam edəcək. Bu təqdimatlar hər bir regionun tarixini, ənənələrini, incəsənət nümunələrini daha geniş formada tanıtmağa imkan verəcək.

Sonra rayonun sosial-iqtisadi inkişafı, turizm imkanları və mədəni irsindən bəhs edən videoçarx nümayiş olunub. Tədbir Qəbələ rayonunun musiqi kollektivləri və incəsənət ustalarının çıxışları ilə davam edib.