Qərb Qarabağdakı ermənilərdən istifadə edir

Bölmə: Siyasət › ,
Tarix: 21:27 26.07.2023

Qarabağdakı separatçı-terrorçuların rəhbəri Araik Arutyunyanın 17 iyulda başladığı və “bir həftə vaxt verdiyi” aksiya başa çatıb. Separatçıların başçısı növbəti müraciətini yayaraq “öz müqəddəratını təyin etmə hüququndan” imtina etməyəcəklərini bildirib, o cümlədən, rəsmi Bakının Ağdam yolu vasitəsilə təminatın həyata keçirilməsi təklifindən imtina edib.

 

Siyasi şərhçi Fuad Çıraqov deyir ki, bununla da separatçılar öz mövcudluqlarını qorumaq üçün erməni əhalisini girov saxlamağa davam edəcəklər: “Bu aksiyalara başlayanda bir həftə vaxt vermişdi. Bu həftə ərzində güya ki, onların tələbləri yerinə yetirilməsəydi, hansısa başqa addım atacaqdılar. Vaxt bitdi, onların heç nəyə qadir olmadığını və hədələrinin boş, mənasız olduqları özünü göstərdi”.

 


Xarici qüvvələrin idarə etdiyi Xunta-separatçılar Qarabağda yaşayan erməniləri girov götürərək blokdada saxlayır. Qondarma rejim onlara nə ərazidən çıxmağa, nə də Azərbaycan vətəndaşlığını qəbul etməyə icazə verir. Qondarma rejimin Milli Təhlükəsizlik Xidməti ötən gün Qarabağda yaşayan ermənilərə  naməlum şəxslərin zəng etdiklərini açıqlayıb. Bildirilib ki, ermənilərə Bakı vasitəsilə Ermənistana getmək təklif edilib və onların təhlükəsizliyinə zəmanət verilib. Qondarma qurum da öz növbəsində bunu “dezinformasiya" adlandıraraq, əhalini belə təkliflərə inanmamağa çağırıb. Bununla da saxtakar rejim növbəti dəfə Azərbaycanın uzatdığı yardım əlinin qarşısını almağa çalışıb. “Azərbaycan Qarabağda yaşayan ermənilərin can güvənliyini təmin edəcək. Lakin Qərb və Rusiyadan əmr alan bəzi qüvvələr onları Azərbaycana qarşı istifadə edirlər”

 


Mütəxəssislərin fikrincə, separatçıların vəziyyəti dəyişmək ümidi ilə təxribata əl atacaqları heç vaxt istisna deyil, lakin bundan sonrakı prosesin inkişafı erməni əhalisinin seçimindən və hazırki xunta rejiminin təzyiqlərinə nə qədər tab gətirəcəyindən də asılı olacaq.


Tamilla