Rəsmi Moskva Azərbaycanla hesablaşır

Bölmə: Siyasət › ,
Tarix: 11:42 27.07.2023

Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri arasında baş tutan üçtərəfli görüş proseslərin bundan sonrakı inkişafı barədə müəyyən işarəni özündə ehtiva edir. Məsələn, görüşdə müzakirə mövzusu olan ən mühüm məqamlardan biri azərbaycanlıların öz yurd-yuvalarına qayıtması ilə bağlı olub. Eləcə də, bu il Rusiya, Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşünün keçiriləcəyi açıqlanıb. Üçtərəfli görüşün kuliminasiya nöqtəsi Sergey Lavrova çıxışından əvvəl verilən "məsləhət" olub. Belə ki, Rusiya XİN başçısı görüş öncəsi açıqlama verərkən, köməkçisi ona yaxınlaşıb və pıçıltı ilə nəsə deyib.

 

Daha sonra aydın olub ki, köməkçisi Lavrova “keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti" sözünün işlənməsinin azərbaycanlıların xoşuna gəlməyəcəyi haqda məlumat verib. Bunu eşidən kimi Lavrov mikrafonu söndürüb. Siyasi şərhçi Turan Rzayev deyir ki, Rusiya Azərbaycan Prezidentinin fərmanıyla Dağlıq Qarabağ adında coğrafi ərazinin ləğv olunduğunu yaxşı bilir. Buna görə də, Azərbaycanla Ermənistan arasında danışıqlar prosesindən kənarda qalmaq istəməyən Moskva bu mövzuda həssas davranır. “Təbii ki, Kremlin bu mövzuya diqqətli yanaşmasını şərtləndirən ilk amil onun Cənubi Qafqazdakı vasitəçilik rolunu itirmək istəməməsi ilə bağlıdırsa, bir digər amil də Azərbaycanın regionda yaratdığı yeni geosiyasi reallıqdır. Cənubi Qafqazda, eləcə də Ermənistanla münasibətlərdə diktə edən tərəf rəsmi Bakı olduğundan Rusiya Azərbaycanın iradəsinə zidd addımlar atmaqdan çəkinir”.


Siyasi şərhçi Oqtay Qasımov isə Rusiyanın bəzi dövlət agentliklərinin və erməni mediasının Sergey Lavrovun işlətmədiyi sözü onun çıxışına əlavə etməsin maraqlı məqam adlandırır. “Bu o deməkdir ki, siyasi dairələr açıq şəkildə Azərbaycanın iradəsinə zidd addımlar atmaqdan çəkinsə də, müxtəlif yollarla öz niyyətlərini ifşa edirlər. Çünki “Dağlıq Qarabağ” ifadəsi münaqişənin olduğunu xatırladan siyasi termin kimi istifadə edilir ki, bu da münaqişənin artıq keçmişdə qaldığını elan edən Azərbaycanın siyasi mövqeyinə qətiyyən uyğun deyil”.

 

Jalə