Cumhuriyyət Xalq Partiyasında gərgin anlar

Bölmə: Siyasət › ,
Tarix: 16:11 31.07.2023

Türkiyədə may ayında keçirilən seçkilərdən sonra vəziyyətin böhran həddinə çatdığı müxalif Cumhuriyyət Xalq Partiyasında sular durulmur. Kamal Kılıçdaroğlunu hədəf alan gizli toplantı keçirdiyi ifşa olunan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu indi də partiya liderinin dəyişilməsi ilə bağlı açıq çağırış edib.

 

Sosial mediada paylaşım edən İmamoğlu yazıb ki, cəmiyyət Cümhuriyyət Xalq Partiyası rəhbərliyinin dəyişməsini istəyir. İyulun 4-də partiya daxilində dəyişiklik üçün “iqtidar üçün dəyişim” adlı internet saytı yaratdıqlarını xatırladan İmamoğlu, səhifəni bir milyondan çox vətəndaşın ziyarət etdiyini, 100 mindən çox insanın təkliflərini çatdırdığını bildirib. O, açıq şəkildə partiya sədrliyinə namizədliyini elan etməsə də, çıxışının məhz buna hazırlıq olduğu düşünülür. Yəni İmamoğlunun paylaşımı sensasional açıqlaması üçün zəmin rolunu oynaya bilər.


Jurnalist Gürkan Hacır deyir ki, Əkrəm İmamoğlunun paylaşımı bir girişdir, əsl açıqlama yaxın gələcəkdə verilə bilər. “Dəqiq deyə bilmərəm, amma bir neçə gün ərzində İmamoğlunun sədrliyə namizədliyini elan edə biləcəyi ehtimalı yüksəkdir. Böyük ehtimalla o, bu niyyətini sosial media hesabında geniş məqalə paylaşaraq edəcək. İlk dəfə olaraq nə istədiyini və dəyişiklik tələbinə uyğun olaraq hansı yol xəritəsini izləyəcəyini açıq şəkildə izah edəcək. İstanbul Böyükşəhər Bələdiyyəsindən aldığımız gizli informasiyalar bu istiqamətdədir”.


Amma İmamoğlunun sədrliyini elan edəcəyi təqdirdə Cümhuriyyət Xalq Partiyasında nə qədər dəstək alacağı sual altındadır. Çünki onun bu açıqlamasının partiya daxilində çatları dərinləşdirdiyinə inanlar az deyil. Bu kütlə inanır ki, İmamoğlunun çıxışı bələdiyyə seçkilərində partiyanın güclü olduğu şəhərlərdə də uduzması ilə nəticələnə bilər. Bu səbəbdən də, partiyanın seçkidə uduzmamaq üçün sədr dəyişikliyinə getməyəcəyi də düşünülür. Amma Cümhuriyyət Xalq Partiyası bələdiyyə seçkilərində istədiyinə nail olacağı təqdirdə belə, İmamoğlunun sədrliyini qəbul edəcəyi dəqiq deyil. Çünki türk ictimaiyyətində belə bir fikir formalaşıb ki, İmamoğlu İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri kimi uğurludur və fəaliyyətini bu istiqamətdə davam etdirməlidir. Əgər bu proseslər bu ssenari üzrə inkişaf edərsə, o zaman İmamoğlu Cümhuriyyət Xalq Partiyasından ayrılaraq yeni bir partiya qura bilər. Amma kifayət qədər riski olduğundan bu ehtimal zəif dəyərləndirilir. İmamoğlu sədr olmasa, Kılıçdaroğlunu kimin əvəzləyə biləcəyinə gələndə isə, bu posta namizəd kimi partiyanın qrup sədri Özgür Özəlin adı çəkilir. Çünki müxalifət qanadı partiyanın nüfuzunu aşağı salmadan dəyişikliyə getmək istəyir. Bu səbəbdən də kəskin açıqlamalarla çıxış edən İmamoğlunun yox, Kılıçdaroğlu ilə ziddiyyət yaşamayan, amma yeri gələndə də özünü ifadə etməkdən çəkinməyən Özəlin şansı daha yüksək qiymətləndirilir.

Jalə