Putinin Afrika planı

Bölmə: Siyasət › ,
Tarix: 16:14 31.07.2023

Sankt-Peterburqda baş tutan Rusiya-Afrika sammitindən sonra ölkələr arası münasibətlər yenidən gündəmə gəlib. Hazırda Moskvanın Afrikadakı mövcudluğu iqtisadiyyatdan tutmuş hərbi əməkdaşlığa qədər bir çox sahədə artır. İndi də Kremlin taxıl sazişindən ayrılmasından sonra Afrika ölkələri aclıqla üz-üzə qalsa da, prezident Putin Afrika Respublikası və Eritreya kimi ölkələrin hər birinə əvəzsiz olaraq 25-50 min ton taxıl göndərməyə hazır olduqlarını vurğulayıb.


Taxıl sazişindən ayrılmaqla ilk növbədə Afrika ölkələrini aclıqla üz-üzə qoyan Rusiyanın kompensasiya məqsədilə təklif etdiyi 25-50 min ton taxıl əslində onların 1 aylıq ehtiyaclarını belə qarşılamaq gücündə deyil. Söhbət Burkina-Faso, Zimbabve, Mali, Somali, Mərkəzi Afrika Respublikası və Eritreya kimi ölkələrdən gedir. Putinin adını çəkdiyi bu dövlətlərin əksəriyyətinin illik taxıl idxalı 2 milyon tondan yuxarıdır. Yəni Rusiya Afrika ölkələrinə ən yaxşı halda 350 min ton pulsuz taxıl verə bilər. Bu da onlar üçün yaxşı ssenari vəd etmir. Çünki taxıl sazişi 30 milyon ton Ukrayna taxılını Afrikaya ixrac etməyə imkan verirdi. Ekspertlər deyir ki, Rusiyanın Taxıl Fondunda hazırda ötən mövsümdən ucuz qiymətə alınıb, saxlanan 3 milyon ton taxıl var. Onun 10 faizini Afrika ölkələrinə təklif edərək, Rusiya prezidenti qalan ehtiyacların ödənişli formada məhz öz ölkəsindən alınmasına nail olacaq.


Moskva Afrika ölklərinin 23 milyard dollar borcunu silib. Amma o bu borcun nə vaxt toplandığını və borclu ölklərin adlarnı açıqlamayıb. Görünən odur ki, Rusiya əslində bir tərəfdən Afrikanı səfalətə sürükləyir, digər tərəfdən də özünün bölgədəki mövqeyini gücləndirməyə çalışır. Çünki Moskvanın qara qitədəki maraqları dərindir. Qısaca desək, indiki halda bir növ yağlı tikədir. Rusiya Taxıl sazişindən çıxmaqla həm Ukraynanı öz məhsullarını Avropaya satmaqdan məhrum edib, həm də afrikalıları aclıqla sınağa çəkərək Qərbə qarşı ayaqlanmalarını stimullaşdırır. Kremlin bu mövzuda nə qədər uğurlu olacağı bilinmir. Çünki sammitə heç də Afrika ölkələrinin hamısı qatılmayıb. 2019-cu ildə Rusiya-Afrika sammitində 43 ölkənin başçısı iştirak etmişdisə, bu il həmin say 17 olub.


Rusiyanın Afrikanın ən sürətlə inkişaf edən beş iqtisadiyyatı Efiopiya, Fil Dişi Sahili, Ruanda, Seneqal və Qana ilə ticari əlaqələri mövcuddur. Afrika ölkələrinə artan marağın arxasında Kremlin neft məhsullarını realizə etmək məqsədi dayanır. Təkcə 2022-ci ildə Rusiya Afrika ölkələrinə əsas hissəsi dizel yanacağından ibarət 8 milyon ton neft məhsulu ixrac edib. Afrikada istehsal aktivlərinə ən böyük sərmayələri Rusiyanın “Qazprom”, “Rosneft”, “Lukoyl”, “Tatneft” və “Stroytransgaz” neft-qaz şirkətləri edir. Rusiya Dövlət Atom Enerjisi Korporasiyası Rosatom-un törəmə şirkətləri Botsvana, Namibiya və Tanzaniyada da uran hasilatı layihələrini həyata keçirir. Rusal kimi müxtəlif Rusiya mədən və dəmir-polad şirkətləri də Qvineyada qızıl, dəmir və vanadium filizi layihələrində iştirak edir.


Rusiya nüvə texnologiyası vasitəsilə də Afrikanın müxtəlif bölgələrində sözün həqiqi mənasında özünə yer edib. Sudan, Zambiya, Ruanda, Efiopiya, Misir və Nigeriya Rusiya atom elektrik stansiyalarının tikildiyi və onların tikintisi ilə bağlı müqavilələrin imzalandığı ölkələr sırasındadır. Dünyanın ikinci ən böyük silah ixracatçısı olan Rusiya Afrika ölkələrinin ən böyük silah tədarükçüsüdür və bazar payını getdikcə artırır. Afrikanın ümumi silah idxalının 35%-ni Rusiya qarşılayır. Afrikaya satışlar Moskvanın hərbi ixracatının təxminən üçdə birini təşkil edir. Bu gün Afrikanın cənubundakı 39 ölkədən 25-i ilə hərbi-texniki əlaqələri olan Rusiyanın dövlət müdafiə sənayesi şirkəti Rosoboroneksport-un Anqola, Uqanda və Efiopiyada daimi nümayəndəlikləri var.

Leyla