Rəsmi Yerevan Moskvanı Avropa ilə şantaj edir
Bölmə: Siyasət › ,Tarix: 17:57 31.07.2023
Ermənistan KTMT-nin Minskdə keçiriləcək təlimlərində iştirak edə bilməyəcək. Bunun üçün İrəvanın olduqca bayağı səbəbi də var. Amma Paşinyan hökumətinin son addımları göstərir ki, onların irəli sürdüyü səbəb deyil, bəhanədir. Çünki Ermənistan bu yolla həm Moskvaya təzyiq göstərmək, həm də qərbin diqqətini çəkmək istəyir.
Ölkənin Daxili İşlər Nazirliyinin yaydığı məlumatda Ermənistanın KTMT-nin “Qaya-2023” təlimlərində iştirakdan imtina səbəbi kimi “xilasetmə xidmətinin ağır iş cədvəli” göstərilib. Amma bunun bəhanə olduğu məlumdur. Çünki bundan əvvəl də İrəvan KTMT ölkələrinin “Sarsılmaz Qardaşlıq-2023” təlimlərinə ev sahibliyi etməkdən imtina etmişdi. Üstəlik, Ermənistan rəsmiləri ardıcıl olaraq sözügedən təşkilatın fəaliyyətsizliyi ilə bağlı açıqlamalar verirlər. Bu baxımdan, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın cəmi 1 həftə öncə "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Rusiyadan daha çox şey gözlədiklərini, amma buna nail olmaqdıqlarını açıqlaması təsadüfi deyil. Buradan görünür ki, İrəvanın manevrlərdə iştirakı rədd etməsi erməni cəmiyyətində Rusiya sülhməramlılarının Qarabağdakı hərəkətləri ilə bağlı məyusluqlarından qaynaqlanır. Siyasi şərhçi Yeganə Hacıyeva deyir ki, İrəvan KTMT ilə bağlı belə açıqlamalar verməklə Moskvaya təzyiq göstərmək istəyir ki, regionda erməni maraqlarının müdafiəsi istiqamətində daha fəal addımlar atsın. Nizamnaməsinə görə, KTMT Azərbaycanın razılığı olmadan Qarabağ məsələsinə qarışa bilməz, lakin Ermənistanın təhlükəsizlik problemlərini həll edə bilər. Eyni zamanda, KTMT faktiki olaraq Rusiyanın liderliyi altında yaranan və fəaliyyət göstərən qurumdur. “Buna görə də, oradan çıxmaq üçün Moskvanın razılığı alınmalıdır. Kreml isə qərblə qarşıdurma kontekstində Cənubi Qafqazda rolu artırıb. Buna görə də, tam olaraq güvənməsə də, müttəfiqi sayılan Ermənistandan imtina etməsi real deyil. Odur ki, indi nə Rusiya, nə də Ermənistan KTMT formatında ölkələr arasında əməkdaşlıqdan imtina etməkdə maraqlıdır”. Sadəcə olaraq Paşinyan Administrasiyası regionda güclənmək üçün bütün rıçaqlardan istifadə etməyə çalışır. Bu konteksdə, onun KTMT-nin təlimlərindən imtina etməsi qərb tərəfdaşları ilə sövdələşməsi üçün siqnal hesab oluna bilər. Siyasi şərhçi Mübariz Göyüşlünün sözlərinə görə, əslində, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Brüsseldən NATO nümayəndələri ilə keçirdiyi görüşlərdə açıq şəkildə bəyan etmişdi ki, ölkəsinin prioriteti Rusiyadan asılılığı minimuma endirməkdir. Bunun qarşılığında da Fransanın Ermənistana müdafiə silahlarının verilməsi prosesini sürətləndirməsinə nail olmuşdu. Mümkündür ki, İrəvan KTMT-dən uzaqlaşdığını göstərərək, bu siyasətinin davamını icra edir. “Ermənistanın bu addımları isə anlaşılandır. Çünki uzun müddətdir ki, ölkədə daxili siyasi böhran hökm sürür. Hakimiyyətdəki xaosun təsir dairəsi kapitulyasiya aktının imzalanmasından sonra daha da genişlənib. Belə bir qarışıq vəziyyətdə ölkənin siyasi rəhbərliyi klassik erməni hiyləgərliyini işə salaraq ikili oyun nümayiş etdirir. Çünki qərbin hərbi-siyasi dairələrini Rusiya ilə, Moskvanı isə Avropayla şantaj etmək artıq Ermənistan siyasətinin ənənəsinə çevrilib”.
Jalə