Xaçatryanın cəzası nə olacaq?

Bölmə: Siyasət › ,
Tarix: 17:52 01.08.2023

Məlum olduğu kimi iyulun 29-da Azərbaycan sərhədçiləri Birinci Qarabağ müharibəsində Ermənistanın etnik təmizləmə siyasətinin icraçılarından biri - Vaqif Xaçatryanı saxlayıb. Meşəli soyqırımı hadisələri ilə bağlı beynəlxalq axtarışda olan şəxslərdən birinin saxlanılması azərbaycanlılara qarşı soyqırım siyasətini həyata keçirənlərin məsuliyyəti məsələsini aktuallaşdırır.

 

22 dekabr 1991-ci ildə Xocalının Meşəli kəndində azərbaycanlıların soyqırımını, deportasiyasını həyata keçirib, kənd sakinləri və dövlətə məxsus çoxsaylı əmlakı məhv edən Vaqif Xaçatryan... Azərbaycan sərhədçilərinin “Laçın” sərhəd-buraxılış məntəqəsində bu şəxsin saxlamasından sonra onun məsuliyyətə hansı formada cəlb ediləcəyi xeyli suallar doğurur.

 

Beynəlxalq hüquq üzrə ekspert Rahim Məmmədovun sözlərinə görə, bu sualların vahid cavabı var: törədilmiş cinayətin mütləq layiqli cavabı olacaq. “Azərbaycan Respublikası 1996-cı ildə “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın iştirakçısıdır. Ratifikasiya etdikdən sonra məhz elə bu gün bizim Cinayət Məcəlləmizin 103-cü və 107-ci maddəsinə müvafiq olaraq “soyqırımı” və “əhalini deportasiya etmə” insanlıq əleyhinə cinayətin bir növü kimi bizim Cinayət Məcəlləmizdə öz əksini tapıb. Həmin bu cinayətə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində 25 ilə qədər və yaxud ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Hesab edirəm ki, Azərbaycan Respublikasının hüquq-mühafizə və məhkəmə orqanları bu cinayətkar şəxsin əməlini düzgün tövsif edəcək və o, törətdiyi əmələ görə ömürlük azadlıqdan məhrum edilməlidir”.


Politoloq Anar Əliyevin sözlərinə görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin avtomobili ilə Vaqif Xaçatryan Ermənistanda məhz müalicə adı altında bölgədən çıxarılmağa çalışılırdı: “Ona görə də həmin prinsipi əsas götürərək, Azərbaycan dövləti həm də humanist mahiyyətindən çıxış edərək onun tibb müəssisəsinə yerləşdirilməsi ilə bağlı qərar qəbul elədi. Vaqif Xaçatryanın sağlamlığı ilə bağlı hər hansısa bir məsələ aradan qalxdıqdan sonra cəmiyyətimiz də tam əmin olsun, tam rahat olsun ki, həmin şəxs Azərbaycan qanunvericiliyi qarşısında cavab verəcək və qanunun ən sərt üzü tətbiq ediləcək”.


Araşdırmalar göstərir ki, beynəlxalq müstəvidə cinayətkarın məsuliyyətə cəlb edilməsində zaman faktoru önəm daşımır. Törədilmiş vandalizm aktının üzərindən onilliklər keçsə belə bu, cinayətin cəzasız qalacağı anlamına gəlmir.

 

Zeynəb