Müharibə Rusiyaya keçir
Bölmə: Siyasət › ,Tarix: 18:01 01.08.2023
Rusiya ərazisinə növbəti zərbə endirilib. Bryansk vilayətinin Trubçevsk şəhərindəki polis şöbəsinin yerləşdiyi bina vurulub. Bu xəbərdən dərhal sonra Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, müharibə Rusiya ərazisinə keçir. Qərb mətbuatında da ardıcıl olaraq Moskvanın müdafiəsinin zəiflədiyinə dair yazılar dərc olunur.
"Rusiyanın təcavüzü döyüş meydanında iflasa uğradı. Tədricən müharibə Rusiya ərazisinə, onun simvolik mərkəzlərinə və hərbi bazalarına geri qayıdır”. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. Siyasi şərhçi Orxan Nəbiyev deyir ki, Ukrayna lideri bu açıqlaması ilə əslində, iki məqama diqqət çəkib: “Birincisi, o, müharibənin lazım gələrsə, Rusiya ərazisinə keçəcəyinə işarə edir. Döyüş meydanındakı vəziyyətə də baxsaq görərik ki, Ukrayna Silahlı Qüvvələri ən mühüm yüksəkliklərə çataraq, Rusiyanı əlavə ehtiyatlar sərf etməyə məcbur edir və arxa cəbhədəki sursat anbarlarına zərbələr endirir. Bu, Ukrayna Silahlı qüvvələrinə Baxmutdan şərqə, cənubda isə Donetskə keçmək imkanı verir”.
Bundan əlavə, indi Ukraynanın müdafiəçiləri Krımı və bütün qoşunları təcrid etmək üçün Mariupola, oradan isə Melitopola gedə bilərlər. Bununla da Krım Ukrayna artilleriyası və hava hücumları üçün əlçatan olacaq. Bu ssenari reallaşacağı təqdirdə isə Kreml də kritik qərarı verməyə məcbur qalacaq. Müharibənin Rusiya ərazisinə daşınması həm də Ukrayna lideri üçün bir fürsətdir ki, Rusiya xalqına öz sözünü çatdırsın. Təsadüfi deyil ki, Zelenski bildirib ki, əgər rusiyalılar Ukraynada baş verən partlayışları öz evlərinə yaxın ərazidə hiss etsələr, ölkə rəhbərliyinin addımlarına bəraət qazandırmayacaqlar:
“Rusiyanın hərbi-siyasi rəhbərliyi də bunun fərqindədir. Bu səbəbdən də Rusiya Prezidenti Vladimir Putin Afrika ölkələrinin rəhbərləri ilə görüşündə artıq dialoq vaxtının çatdığının mesajını verib. Görünən odur ki, indi Moskva vəziyyətin getdikcə kritik xarakter aldığını müşahidə edir və qərb-Ukrayna birliyinə qarşı müttəfiqlər taparaq, müharibənin gedişatını öz lehinə çevirməyə çalışır”.
Ekspertlərin fikrincə, Ukraynanın artan gücü fonunda bu səylərin nə qədər effektiv olacağı müzakirəli mövzudur. Ukraynaya rəğbət bəsləyənlər çaxnaşma yaratmaq üçün pilotsuz təyyarələr buraxırlar. Çox vaxt bu, birbaşa Rusiya Federasiyasının ərazisindən baş verir və hərbi əməliyyatların gedişi ilə heç bir əlaqəsi yoxdur.
Jalə