Azərbaycan izləri Cənubdan silinir

Bölmə: Siyasət › ,
Tarix: 18:24 01.08.2023

Tariximizi silməyə, saxtalaşdırmağa çalışan İran bu dəfə də təəccübləndirmir. Azərbaycanlılara aid bütün izləri silməyə çalışan molla rejimi bu dəfə Təbrizdəki Kələntər evini hədəf seçib. Tehran bununla hansı mesajları verməyə çalışır.


Qacar dönəmindən yadigar qalan 170 illik Təbrizdəki “Kələntər evi” də dağıdılmaq üzrədir. Ancaq bu İranın yürütdüyü ilk belə siyast deyil. Daha əvvəl İzəddin Həsənoğlunun İrandakı məzarı, Göy Məscid, Zəncandakı mədəni abidələr, Miyanədəki Qız qalasının dağılması hadisələri də qeydə alınıb.


Siyasi şərhçilər bunu azərbaycanlıların izlərini Cənubdan silmək cəhdləri ilə əlaqəlındirirlər. Siyasi şərhçi Turan Rzayevin sözlərinə görə, Azərbaycanın tarixi abidələrinə qarşı bu yanasma İranın dövlət siyasətinin bir parçasıdır. “Təsadüfi deyil ki, İrəvanda Göy məscid kimi İrəvan xanlığı dövrünə aid olan Azərbaycan türk memarisinin şah əsərlərindən hesab edilən bir abidə farslaşdırılıb və fars abidəsi kimi dünyaya təqdim olunur. Ermənistan bunu bir növ dünya ictimaiyyətinə dini dözümlülük və yaxud islam abidələrinə göstərdiyi diqqət kimi təqdim etsə də, reallıq ondan ibarətdir ki, Azərbaycan abidəsinin farslaşdırılması və dünya ictimaiyyətinə fars tikintisi kimi göstərilməsi prosesi gedir”.


Tarixdən də məlumdur ki, İran siyasi hakimiyyəti azərbaycanlıların izlərini ölkə ərazisindən silməyə cəhd göstərir, türkcə coğrafi yer adlarını dəyişdirir, milli-mədəni, tarixi abidələri dağıdır.Molla rejimi Urmiya gölünün 10 kilometr cənubunda yerləşən əfsanəvi Həsənlitəpəni də zaman-zaman türk varlığından qoparmaq istəyib.


Onu da qeyd edək ki, 1892-ci ildə inşa edilən Kələntər Evi Milli Əsərlər siyahısına salınıb. Lakin abidənin bərpası üçün heç bir iş görülməyib. Əksinə, fərqli bəhanələrlə, yol çəkmək adı ilə bu abidələri qəsdən sökürlər. Bu mirasların bərpası, qorunub saxlanılması ilə bağlı müraciətlər əksini tapmadığından təbrizlilər abidənin xilası üçün imza kampaniyasına da başlayıblar.

 

Fidan