FETÖ çökdürülür: 9 qrup üzvü yaxalandı
Bölmə: Siyasət › ,Tarix: 21:41 01.08.2023
Türkiyədən Yunanıstana qeyri-qanuni yollarla keçməyə çalışan 13 nəfər saxlanılıb. Bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Araşdırmalar nəticəsində həbs edilən şəxslərdən 9-nun FETÖ terror təşkilatının üzvü olduğu müəyyən edilib. Demək olar ki, hər gün Türkiyədən bənzər xəbərlər gəlir. Xüsusilə FETÖ qruplaşmasının üzvü olan şəxslərin təqibi illərdir ki, rəsmi Ankaranın əsas istiqamətlərindən biri olaraq qalır.
FETÖ Türkiyədə 2016-cı il 15 iyul tarixində baş verən çevriliş cəhdi ilə terror qruplaşması kimi varlığını göstərmişdi. Bu müddət ərzində qruplaşma Avropa İttifaqı, ABŞ, həmçinin Fransa və Almaniya kimi Qərb ölkələri tərəfindən ciddi şəkildə dəstəklənib. Təşkilat xüsusilə Türkiyəyə qarşı, hakimiyyəti devirmək məqsədilə CİA, MOSSAD kimi kəşfiyyat agentlikləri ilə ortaq çalışaraq məlumatlar toplayırdı.
1990-cı illərin sonundan ABŞ-da məskunlaşan “din xadimi” Fətullah Gülənin rəhbərliyi ilə yaradılmış bu gizli və transmilli terror təşkilatı bürokratik sistemə, orduya, dövlət qurumlarına, akademik mərkəzlərə yayılaraq möhkəmləndi. Təşkilat viza saxtakarlığı, çirkli pulların yuyulması və silah qaçaqmalçılığı kimi qeyri-qanuni fəaliyyətlərlə də məşğuldur. Bu təşkilat Amerika tərəfindən sadəcə Türkiyə üçün deyil, 170 ölkə hədəf alınaraq yaradılıb. Həmin ölkələrin hər birində FETÖ dövlətin bir sıra rəsmi dairələrində özünə yer edib.
Dünyanın müxtəlif ölkələri getdikcə bu terror təşkilatının onlar üçün yaratdığı təhlükəni anlayır və lazımi addımları atır. Ölkəmizdə də qruplaşma əleyhinə işlər davam etdirilir. Azərbaycan və Türkiyənin birgə əməliyyatları nəticəsində FETÖ-çü şübhəlilər həbs edilərək deportasiya edilib, həmçinin terrorçuların hər iki ölkə daxilində təhlükəsiz sığınacaq tapmasının qarşısı alınıb. FETÖ-yə bağlı təhsil, tibb müəssisələrinin, mətbəə və bankların, xüsusilə də media orqanlarının əksəriyyətinin həm Türkiyədə, həm də Azərbaycanda zərərsizləşdirilməsinə baxmayaraq, bu şəbəkənin tamamilə çökdürüldüyünü demək hələ mümkün deyil.
Nəticə olaraq, Azərbaycan və Türkiyənin FETÖ və digər terror qruplaşmalarına qarşı mübarizədə birgə səyləri tərəflərin müttəfiqliyinin möhkəmliyini və terrorun bütün formalarına qarşı mübarizəyə sadiqliyini nümayiş etdirir. İki ölkənin FETÖ-ya qarşı mübarizədə birləşməsi regionda və onun hüdudlarından kənarda təhlükəsizliyə və sabitliyə xidmət etməklə yanaşı digər terror təşkilatlarına onların bu regiondakı əməllərinə yol verilməyəcəyi, demokratiya, xalqların iradəsi, dövlətçilik ənənələrinin qalib gələcəyi mesajını verir.
Bənövşə