Türkiyə ilə Misir yaxınlaşır

Bölmə: Siyasət › ,
Tarix: 22:07 01.08.2023

Türkiyə-Misir münasibətləri normallaşır. Belə ki, iki ölkə arasındakı diplomatik əlaqələr səfirlik səviyyəsinə qaldırılıb. 13 ildən sonra Türkiyə ilə Misir prezidentlərinin qəbul etdiyi qərara uyğun olaraq ölkələr arasında diplomatik münasibətlərin səviyyəsinin yüksəldilməsi praktiki olaraq həyata keçirilib. Türkiyə Qahirəyə səfir vəzifəsinə Salih Mutlu Şeni, Misir isə Ankaraya Amr Elhamamini göndərməyə qərar verib. Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Türkiyə və Misir münasibətləri bundan sonra bütün sahələrdə inkişaf edəcəyini deyib.


Türkiyə ilə Misir münasibətlərinin yaxşılaşması prosesində önəmli addım Prezident Recep Tayyip Erdoğanın Qətərin paytaxtı Dohada keçirilən Dünya Çempionatının açılışında Misir Prezidenti Abdulfattah Es-Sisiylə salamlaşması və onun əlini sıxması oldu. Hətta Qətərdən qayıdanda - təyyarədə jurnalistlərə açıqlama verən Erdoğan "Türk millətiylə Misir xalqının keçmişdəki birliyi bizim üçün çox önəmlidir. Niyə yenidən başlamasın? Biz buna işarə etdik" deməklə əlaqələrin gələcək inkişafına dair ipucları vermiş oldu.

 

Analitiklər bildirir ki, ötən 13 ildə iki ölkə arasında diplomatik münasibətlər gərgin olsa da iqtisadi, turizm sahəsində əlaqələr inkişaf edib. Türkiyənin Qahirədəki səfiri Salih Mutlu Şenin sözlərinə görə, iki ölkə gələcəkdə bütün sahələrdə əməkdaşlıq etmək arzusundadır. Onun sözlərinə görə, 2002-ci ildə Türkiyə ilə Misir arasında ticarətin həcmi 9,7 milyard dollara çatıb. ortamüddətli perspektivdə isə illik ticarət 20 milyard dollara qədər arta bilər. Xatırladaq ki, 2013-cü ilin noyabrında Misir Türkiyə səfirini persona non qrata elan edib və iki ölkə arasında münasibətlər uzun illər kəsilib.

Leyla