Müharibə Rusiya ərazisinə daşınır
Bölmə: Siyasət › ,Tarix: 18:54 02.08.2023
Moskvanın ard-arda dron hücumu müharibənin Rusiya ərazisinə daşındığı senarisini hər keçən gün daha da gücləndirir.
İnformator.az xəbər verir ki, Rusiyanın paytaxtı yenidən dron hücumuna məruz qalıb. Pilotsuz uçuş aparatı yenidən Moskva Siti biznes mərkəzinə çırpılıb. Şəhər meri Sergey Sobyanin məlumatına görə, avqustun 1-nə keçən gecə bir neçə pilotsuz təyyarə Moskvaya uçmağa cəhd edib, lakin hava hücumundan müdafiə sistemləri PUA-ları zərərsizləşdirib. “Hava hücumundan müdafiə sistemləri Moskvaya uçmaq istəyən bir neçə pilotsuz təyyarəni vurub. Biri keçən dəfə olduğu kimi şəhərdəki eyni qülləyə dəyib”.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hücumda ümumilikdə üç PUA iştirak edib. Onlardan ikisi Moskva üzərində vurulub. Üçüncüsü elektron müharibə ilə yatırılıb, idarəetməni itirərək Moskva-Siti qeyri-yaşayış kompleksinin ərazisində qəzaya uğrayıb. Nəticədə qüllənin 21-ci mərtəbəsində fasad zədələnib, 150 kvadratmetr sahədə şüşələr sınıb. Ölən və yaralananlar olmayıb. Maraqlı məqam burasındadır ki, rəsmi Moskva son hücumlarla bağlı Kiyevi birbaşa olaraq ittiham etmir. Rusiya Dövlət Dumasının deputatı Andrey Qurulev bildirib ki, Ukraynaya rəğbət bəsləyənlər çaxnaşma yaratmaq üçün pilotsuz təyyarələr buraxırlar. Çox vaxt bu, birbaşa Rusiya Federasiyasının ərazisindən baş verir və hərbi əməliyyatların gedişi ilə heç bir əlaqəsi yoxdur.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Moskva dəfələrlə pilotsuz təyyarələrin hücumuna məruz qalıb. Bütün bu hücumlar fonunda müxtəlif iddialar səsləndirilir. Rusiya hakimiyyəti isə insidenti “terror hücumu” və prezident Vladimir Putinə sui-qəsd adlandırıb. Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak baş verənlər fonunda tvitter hesabında yazıb ki, “Moskva sürətlə tamhüquqlu müharibəyə alışır və bu müharibə tezliklə “müharibə müəlliflərinin” ərazisinə keçəcək.
Aysel