İran dondurulmuş aktivləri üşün döyüşür

Bölmə: Siyasət › ,
Tarix: 15:35 03.08.2023

İran indi də Cənubi Koreya ilə qarşı-qarşıyadır. Dondurulmuş aktivlərini azad etmək üçün hərəkətə keçən rəsmi Tehran Cənubi Koreyaya qarşı ABŞ sanksiyaları altında dondurulmuş aktivləri ilə bağlı beynəlxalq məhkəmələrə rəsmi şikayət etməyə başladığını açıqlayıb.

 

İnformator.az xəbər verir ki, söhbət Cənubi Koreya banklarında xam neft satışından əldə olunan və müsadirə edilən İran pullarından gedir. Bundan sonra müxtəlif illərdə tərəflər razılığa gəlməyə çalışsa da, ortaq nəticəyə gəlinməyib. Bəzi ekspertlər İran iqtisadiyyatının vəziyyətinin Tehranı buna vadar etdiyini desə də, digər qisim məsələdə siyasi məqamların olduğunu düşünür.

 

“Bəs İranı yenidən Cənubi Koreyaya təzyiqləri artırmağa nə vadar edib” sualına gəlincə, iqtisadçılar bunu ölkənin acınacaqlı maliyyə vəziyyəti ilə izah edirlər. İqtisadçı Mehdi Nəiminin sözlərinə görə, İranın dondurulmuş aktivlərinin azad edilməsi ilə bağlı spekulyasiyaları Qərb rəsmilərinin Tehranda saxlanılan ABŞ vətəndaşlarının azad edilməsi müqabilində məsələyə baxılacağını elan etməsindən sonra daha da artıb. Ancaq analitiklər məsələdə kilid nöqtəsinin məhz Natonun Vilnüs sammiti olduğu qənaətindədirlər. Sammitə dəvət edilənlər siyahısında Cənubi Koreyanın olması İranın Seula münasibətini daha da kəskinləşdirib. Siyasi analitik Rakıp Kutay Karacanın sözlərinə görə, İran gözardı ediləcək bir oyuncu deyil. “Amma İran kimin yanında? Rusiya və Çinin yanında. Başqa yolu d yoxdur”.


Qeyd edək ki ABŞ-nin 2018-ci ildən tətbiq etdiyi sanksiyalar İranın neft ixracatını və gəlirlərini ciddi şəkildə məhdudlaşdırıb. Son iki ildə neft ixracı əhəmiyyətli dərəcədə artsa da, əldə olunan gəlirlər beynəlxalq təcridin içində olan səmərəsiz iqtisadiyyatın bütün ehtiyaclarını ödəməyə kifayət etmir. Həmçinin İran dünyanın ikinci ən böyük təbii qaz ehtiyatına malik olsa da, Qərb şirkətləri qaz yataqlarını genişləndirmək və ya yenilərini işə salmaq üçün kapital və texnologiya verməyə hazır deyil. Ona görə də ölkənin ümidi dondurulmuş aktivlərin azad edilməsinə qalır. Ancaq ekspertlər Beynəlxalq məhkəmələrin İranın tələbini təmin edəcəyini düşünmürlər.

Fidan