Prezident İlham Əliyev Qarabağ ermənilərini manipulyasiyanın girovluğuna son qoymağa çağırdı
Bölmə: Siyasət › ,Tarix: 15:38 03.08.2023
Prezident İlham Əliyev “Euronews”a müsahibəsi zamanı Qarabağ ermənilərinin hansı hallarda azərbaycanlılarla birgə yaşaya biləcəyini açıqlayıb.
İnforator.az xəbər verir ki, Azərbaycana qarşı geniş propaqandanın aparıldığı bir vaxtda dövlət başçısı birbaşa komunikasiyaya gedərək, bütün məsələlər üzrə mövqeyini ortaya qoyub: “Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq normal həyat yaşayacaqlar. Onlar manipulyasiyanın girovu olmağa son qoyacaqlar. Həmçinin onlar başa düşməlidirlər ki, bizi saymamağa davam etsələr, bizim mövcud olmadığımız kimi davranmağa davam etsələr və ya “prezidenti”, “nazirləri”, “parlamentariləri” olan qondarma ölkədə yaşayırlarmış kimi davransalar, bu gün olduqları vəziyyət onların xeyrinə dəyişməyəcək. Bütün bunlar yalandır. Biz onlara normal həyat təklif edirik. Düşünürəm ki, onlar mənə qulaq assalar, başa düşəcəklər və bilirlər ki, mən sözümə əməl edirəm”.
Dövlət başçısı bildirib ki, Qarabağ ermənilərinin cəmiyyətimizə inteqrasiyasının yeganə yolu manipulyasiyadan uzaq, qanunvericiliyin tələblərinə uyğun formada həyata keçirilməlidir. Siyasi təhlilçilərin fikrincə, bu tələblərə əməl olunmadığı halda, Qarabağ ermənilərinin azərbaycanlılarla birgə yaşayışından söhbət belə gedə bilməz. Politoloq Xəqani Cəfərli deyir ki, Azərbaycan İkinci Qarabağ Müharibəsindən sonra birmənalı ifadə edib ki, hər hansısa bir statusdan söhbət gedə bilməz. Ermənilər yalnız Azərbaycan qanunvericiliyi çəçrivəsində Azərbaycan vətəndaşlarına verilən haqq və hüquqlardan istifadə edərək yaşaya bilərlər. “Ermənilər isə hələlik belə görünür ki, kənar təsirlərin və xüsusilə, öz toplumunun içərisində olan aqressiv, radikal düşüncəli təbəqənin təsiri altında buna doğru addım atmaq istəmirlər və yaxud da ki, buna imkan verilmir”.
Prezident İlham Əliyev Qızıl Xaç Komitəsinin Qarabağdakı ofisinin Bakı ofisinə yox, İrəvandakı ofisə tabe olmasını da sərt tənqid edib. Sözsüz ki, bütün dünyanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasına rəğmən, Qızıl Xaç Komitəsinin bu addımı onların separatçılarla əlbir fəaliyyət göstərməsinə dair əsaslı şübhələr yaradır.
Zeynəb