Paşinyandan yeni iddia
Bölmə: Siyasət › ,Tarix: 13:59 04.08.2023
Ermənistan höküməti Qırmızı Xaç Komitəsinin Qarabağa humanitar yüklərin daşınmasının mümkünsüzlüyünü elan etdikdən sonra humanitar yüklərin göndərilməsi barədə qərar qəbul edib.
İnformator.az xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında deyib. Baş nazir bildirib ki, Ermənistanın Sünik vilayətinin Kornidzor qəsəbə sektoru, Laçın yolunun girişinə yaxındır. Azərbaycan 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın altıncı bəndini pozaraq, humanitar yüklərin Qarabağa girişini qanunsuz olaraq əngəlləyir: "Azərbaycan Laçın yolunu bağlamadığını iddia edirsə, Ermənistan hökumətinin göndərdiyi humanitar yardımın Qarabağa daxil olması niyə təmin edilmir? Hesab edirəm ki, məsələnin aydınlaşdırılması vacibdir və bizim müvafiq qurumlar bu istiqamətdə çalışmalıdırlar".
Baş nazir Ermənistanın Laçın yolundakı təxribatından da danışıb. O təxribatın erməni qanunsuz silahlıları tərəfindən törədilməsini təkzib etməyə çalışıb: "Azərbaycanın yuxarıda qeyd etdiyimiz hərəkətləri iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası işlərinin hələ başlanğıc mərhələsində olduğu bir şəraitdə təxribatdır. Təxribat sərhədlərin delimitasiyasına, ümumən sülh prosesininə mane olur".
Paşinyan sərhədlərin deliminitasiya məsələsinə də toxunaraq Ermənistanla Azərbaycan arasında sərhədlərin 1991-ci il Almatı bəyannaməsi ilə müəyyən edildiyini qeyd edib. Paralel olaraq 2022-ci il oktyabrın 6-da Praqada keçirilən dördtərəfli görüşdə Almatı bəyannaməsi iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası üçün əsas kimi qəbul edilib: "Belə təəssürat yaranır ki, rəsmi Bakının planı Ermənistanla Azərbaycan arasında Almatı bəyannaməsi ilə müəyyən edilmiş sərhəd müddəası ilə sülh müqaviləsi imzalamaqdır, sərhədlərin delimitasiyası və demarkasiya prosesindən sonra isə Ermənistana ərazi iddiaları irəli sürmək istəyir".
Azərbaycan Xarici İşlər Nazirliyi Nikol Paşinyanın hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialara aydınlıq gətirib. Bildirilib ki, Həkəri körpüsündə Azərbaycan bayrağını ucaldan sərhədçilərə atəş açılmasını Nikol Paşinyanın Azərbaycan tərəfindən təxribat kimi təqdim etməsi Ermənistana bəraət qazandırmaq cəhdidir. Digər tərəfdən Azərbaycanın Laçın yolunu bağladığı iddiasının heç bir əsası yoxdur: "Azərbaycan Ermənistanın “humanitar yük” adı altında əvvəllər hərbi texnika və bir sıra digər qanunsuz daşınmalara cəlb olunmuş nəqliyyat vasitələri ilə Azərbaycana ölkəmizin icazəsi olmadan yüklərin daşınmasının qəbuledilməzliyini dəfələrlə diqqətə çatdırıb. Laçın sərhəd buraxılış məntəqəsinin fəaliyyəti ölkəmiz tərəfindən tənzimlənir və Ermənistanın ölkəmizin ərazisində son üç ilə yaxın dövrdə qanunsuz fəaliyyətlər üçün sui-istifadəni davam etdirdiyi Laçın yoluna girişə və çıxışa nəzarət üçün olduqca böyük əhəmiyyət daşıyır. Beynəlxalq Ədalət Məhkəməsinin də 6 iyul tarixli qərarında bu sərhəd buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müraciəti yekdilliklə rədd etməsi, bir daha Ermənistan tərəfinin iddialarının əsassız olduğunu sübut edib".
O ki qaldı sərhədləri müəyyən edilməsi məsələsinə, nazirlik bildirib ki, Paşinyanın Azərbaycana qarşı ərazi iddialarını davam etdirməsi, Ermənistanın işğalı nəticəsində yaradılmış qondarma rejimi təbliğ etməsi bu ölkənin ərazi bütövlüyü və suverenliyə, eləcə də delimitasiya prosesinə sadiq olmadığını nümayiş etdirir.