Ermənilərin Xankəndindən Laçına doğru etiraz cəhdi - DETALLAR

Bölmə: Siyasət › ,
Tarix: 14:11 04.08.2023

Dünyaya guya Qarabağda humanitar böhran olduğunu car çəkənlər digər tərəfdən Bakının dəstəyini qəbul etmir. Sərhəddəki humanitar dəstək şousundan sonra indi də Xankəndidən Laçın postuna doğru aksiya hazırlıqları gedir. Bəs ermənilərin bununla əsas hədəfi nədir. Bakı bu təxribat cəhdinə necə cavab verəcək?

Həm Bakıdan dəstək qəbul etmirlər, həm də "ermənilər acdır" şüarı ilə Laçın postunda aksiyaya hazırlaşırlar. Xankəndidə yaşayan erməniləri əraziyə gətirəcək avtobuslar hazır vəziyyətdə gözləyir. Bununla onlar Bakıdan dəstək istəmədiklərini tələb etmək istəyirlər. Məsələdə diqqət çəkən məqam isə ondan ibarətdir ki separatçılar əhaliyə etirazda qadınların da iştirak edəcəyini və dinc aksiya reallaşacağını elan ediblər. Beləliklə, hər hansı hadisə baş verdiyi təqdirdə Azərbaycanı günahlandırmağa zəmin yaradılır. Əlbəttə, Ermənistanın dəstəyilə separatçıların bu cür təxribat planları uzun müddətdir üzərində işlənən sülh müqaviləsinin imzalanmasını ləngidir.

 

Milli Məclisin üzvü Elşad Mirbəşiroğlu hesab edir ki, bütün bunlar Ermənistanın Azərbaycana qarşı təxribat planlarını davam etdirdiyinin sübutudur: "Buradan belə nəticə çıxarmaq olar ki, Azərbaycanla sülh sazişinin imzalanması ətrafında Ermənistanın sərgiləmiş olduğu mövqe səmimiyyətdən çox uzaqdır. Ermənistan və Azərbaycan ərazisində yaşayn Separatçı ünsürlər müxtəlif vasitəylə Azərbaycan- Ermənistan münasibətlərinin normallaşması prosesini uzatmağa çalışırlar. Bu da təbii ki regionda gərginliyin saxlanmasına səbəb olur".

 

Ekspertlər Bakının bu kimi təxriabatlara hazır olmalı olduğu qənaətindədirlər. Baş verə biləcək hadisələrə görə məsuliyyətin Ermənistan və separatçıların üzərinə düşdüyü ilə bağlı beynəlxalq müstəvidə məlumatlar tirajlayır. Siyasi şərhçi Turan Rzayev deyir ki, separatçıların “yanacaq olmadığı” üçün ictimai nəqliyyatı dayandırması fonunda “aksiya iştirakçıları”nın avtobuslarla Laçın postuna daşınması da incə xəttlərdən biridir: "Belə olan halda sual ortaya çıxır. Bəs bu halda avtobuslar posta çatmaq üçün hansı yanacaq növündən istifadə ediblər".