Qızıl Kaç Komitəsinin davam edən İKİLİ SİYASƏTİ

Bölmə: Siyasət › ,
Tarix: 14:19 04.08.2023

Prezident İlham Əliyev iyulun 22-də Şuşada “Euronews” televiziyasına müsahibəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin ikili siyasətini sərt tənqid etdi. Vəziyyət göstərir ki, komitənin Azərbaycana qarşı münasibətində qərəzli fəaliyyət göstərən Xankəndi ofisinin təşkilatın Bakı ofisinə tabe olması mütləqdir.

 

İlham Əliyev deyib ki, BQXK Birinci Qarabağ müharibəsində niyə heç bir addım atmayıb və 4 minədək itkin azərbaycanlının taleyi barədə komitə heç bir məlumat təqdim etməyib: "Əfsuslar olsun ki, Qırmızı Xaç Komitəsinin yük maşınlarının yoxlanılması zamanı siqaret, iPhone-lar və benzin kimi məhsulların qaçaqmalçılıqla keçirilməsi aşkar olundu. Qırmızı Xaç Komitəsi bunu etiraf etdi və bildirdi ki, onlar buna görə heç bir məsuliyyət daşımırlar. Lakin bu yük maşınlarının üzərində Qırmızı Xaçın emblemi var idi və sürücülərin uniformaları üzərində də emblemlər var idi. Beləliklə, yol yenidən bu şəkildə bağlanıldı və biz Qırmızı Xaç Komitəsindən buna son qoyulmasını və bizimlə daha konstruktiv işləməsini xahiş etdik. Çünki əfsuslar olsun ki, bu günə kimi onların Qarabağdakı ofisi Bakı ofisinə yox, İrəvandakı ofisə tabedir. Bu da yolverilməzdir".

 

Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması ölkəmizin legitim tələbidir. Görünür, Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycana qarşı çıxmaqda və Ermənistana canyananlıq etməkdə daha maraqlıdır. Komitə həm də qaçqın və məcburi koçkünlərə yardım edən bir təşkilatdır. Lakin onların xüsusi qayğı ilə yanaşdıqları ermənilər nə qaçqındır, nə də ki, məcburi köçkün. Maraqlıdır, bəs bu təşkilat 1988 - 1993-cü illərdə yüz minlərlə azərbaycanlının etnik təmizləməyə məruz qoyulduğu, doğma yurdlarından qovuluğu vaxt harada idi?

 

Politoloq Oqtay Qasımov bildirib ki, Qırmızı Xaç Komitəsi bu günə qədər 4 minə yaxın itkin olan azərbaycanlıların vəziyyəti ilə bağlı doğru-dürüst bir məlumat əldə edib bizə təqdim edə bilməyib: "Təxminən üç ay öncə Azərbaycanın 2 əsgəri pis hava şəraitində azaraq Ermənistan ərazisinə keçmişdilər. Və onlar Ermənistan tərəfindən saxlanıldı, onlara qarşı əslində vəhşilik və vandalizm törədildi. Amma biz bu məsələlərlə bağlı Qırmızı Xaçın heç də operativ reaksiyasını görmədik təəssüf ki. Qırmızı Xaç və YUNESKO kimi təşkilatlarda Fransanın ciddi təsiri var”.

 

Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətinin humanitar məqsədlərə deyil, regionda qaçaqmalçılıq, hüquq pozuntularına söykənməsi ilə bağlı nümunələr bununla yekunlaşmır. Ötən müddət ərzində DSX-nin əməkdaşları Komitəyə aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdlərini aşkarlayıblar. Ekspertlər bölgədə sülh və sabitliyə təhdid sayılan bu davranışlara “yox” deməyin vacib olduğunu deyirlər.

 

Politoloq Telqan Qasımov məsələyə belə aydınlıq gətirib: “Biz dekabr ayının 12-də Laçın və Xankəndi yolundakı keçirdiyimiz o aksiya dövründə də müşahidə edirdik və görürdük ki, Qırmızı Xaç Komitəsi həmin Xankəndindən xəstələr adı altında xarici vətəndaşları daşıyırdılar Ermənistana. Halbuki bu bunların səlahiyyətinə aid deyil. Yəni bu da artıq birbaşa, birmənalı şəkildə Qırmızı Xaç Komitəsinin Xankəndidəki qeyri-qanuni fəaliyyəti ilə bağlıdır və bu, qanunların pozulmasııdır. Xankəndidəki fəaliyyət göstərən qeyri-qanuni Qırmızı Xaç Komitəsinin nümayəndəlikləri bağlanmalıdır”.

 

Təhlillər onu deməyə əsas verir ki, qarşıdakı perspektivdə Beynəlxalq Qızıl Xaç Komitəsinin Xankəndidəki ofisi Bakıdakı qərargahla birləşdirilə bilər.