İran və Cənubi Koreya üz-üzə

Bölmə: Siyasət › ,
Tarix: 20:08 04.08.2023

İran indi də Cənubi Koreya ilə qarşı qarşıyadır. Tehran Cənubi Koreyaya qarşı ABŞ sanksiyaları altında dondurulmuş aktivləri ilə bağlı beynəlxalq məhkəmələrə rəsmi şikayət verməyə başlayıb. Bəzi ekspertlər İran iqtisadiyyatının vəziyyətinin Tehranı buna vadar etdiyini desə də digər qisim məsələdə siyasi məqamların olduğunu düşünür.  



İran dondurulmuş aktivlərini azad etmək üçün hərəkətə keçib. Tehran Cənubi Koreyaya qarşı ABŞ sanksiyaları altında dondurulmuş aktivləri ilə bağlı beynəlxalq məhkəmələrə rəsmi şikayət etməyə başladığını açıqlayıb.



Söhbət  Cənubi Koreya banklarında xam neft satışından əldə olunan və müsadirə edilə İran pullarından gedir. Bundan sonra müxtəlif illərdə tərəflər razılığa gəlməyə çalışsalar da ortaq nəticəyə gəlinməyib. Bəs İranı yenidən Cənubi Koreyaya təzyiqləri artırmağa nə vadar edib sualına gəlincə iqtisadçılar bunu ölkənin acınacaqlı maliyyə vəziyyətilə izah edirlər. 


İranın dondurulmuş aktivlərinin azad edilməsi ilə bağlı spekulyasiyalar Qərb rəsmilərinin Tehranda saxlanılan ABŞ vətəndaşlarının azad edilməsi müqabilində məsələyə baxılacağını elan etməsindən sonra daha da artıb. Ancaq analitiklər məsələdə kilid nöqtəsinin məhz NATO-nun Vilnüs sammiti olduğu qənaətindədirlər. Sammitə dəvət edilənlər siyahısında Cənubi Koreyanın olması İranın Seula münasibətini daha da kəskinləşdirib.


Siyasi analitik Rakıp Kutay Karaca deyib ki, İran gözardı ediləcəkk tərəf deyil: "Amma İran kimin yanında - Rusiya ve Çinin yanında. Onsuz da buna məcburdur, başqa hərəkət sahəsi yoxdur. Koreya özünü müdafiə etmək üçün Amerikaya arxalanır. Söhbət getdikcə daha çox NATO-ya üz tutan bir ölkədən gedir. Belə olan halda Cənubi Koreyanın İranın aktivlərini dondurması hekayəsini yalnız Cənubi Koreyanın qərarı hesab etmək düzgün olmazdı".



Qeyd edək ki ABŞ-ın 2018-ci ildən tətbiq etdiyi sanksiyalar İranın neft ixracatını və onun gəlirlərini ciddi şəkildə məhdudlaşdırıb. Son iki ildə neft ixracı əhəmiyyətli dərəcədə artsa da, əldə olunan gəlirlər beynəlxalq təcridin içində olan səmərəsiz iqtisadiyyatın bütün ehtiyaclarını ödəməyə kifayət etmir. Həmçinin İran dünyanın ikinci ən böyük təbii qaz ehtiyatına malik olsa da Qərb şirkətləri qaz yataqlarını genişləndirmək və ya yenilərini işə salmaq üçün kapital və texnologiya verməyə hazır deyil. Ona görə də ölkənin ümidi dondurulmuş aktivlərin azad edilməsinə qalır. Ancaq ekspertlər Beynəlxalq məhkəmələrin İranın tələbini təmin edəcəiyini düşünmürlər. 

 

Fidan