Rusiya Rumıniya diplomatlarına kvota tətbiq etdi
Bölmə: Siyasət › ,Tarix: 11:14 07.08.2023
Rumıniyanın Rusiyadakı müvəqqəti işlər vəkili Konstantin İonita Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və Rumıniyanın Rusiyadakı diplomatik işçilərinin sayına kvotaların tətbiqi ilə bağlı nota ona təqdim edilib. Bu addım əslində Rumıniyaya cavab tədbiri kimi qiymətləndirilir. Çünki digər Avropa ökələri kimi rəsmi Buxarest də rus diplomatları hədəfə çevirib.
Rusiya Rumıniya diplomatları üçün kvota tətbiq edib. Rusiyanın Xarici İşlər Nazirliyi bu qərarın Buxarestin iyunda analoji qərarına qarşılıq olaraq atılmış bir addım olduğunu açıqlayıb. Qərar ümumilikdə Rumıniyanın bu ölkəyə qarşı ardıcıl olaraq həyata keçirdiyi qeyri-dost siyasətiylə əsaslandırılır. Belə ki, iyunun 8-də Rumıniya Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin əməkdaşlarının 30 gün ərzində 50 nəfərdən çox ixtisar edilməsini tələb edib. Buxarest bu qərarın Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyat kontekstində “ikitərəfli münasibətlərin hazırkı səviyyəsini əks etdirdiyini” bildirib. Moskva bu tələbi münasibətlərin daha da korlanmasına səbəb olacağını qeyd edib. Rəsmi Kreml Rumıniya demarşının cavabsız qalmayacağını yenicə açıqlamışdı ki, artıq qərar verildi. Bununla belə, Rumıniya Xarici İşlər Nazirliyi bildirir ki, Moskvanın qərarı Rumıniyanın Rusiyada ezam olunmuş diplomatik və inzibati heyətinə təsir göstərmir, çünki səfirlikdəki rumıniyalıların sayı artıq qoyulmuş limitdən aşağıdır.
Rusiya Federasiyasının Ruminiyadakı səfiri Valeri Kuzmin ölkəsinin yaxın gələcəkdə Rusiya Elm və Mədəniyyət Mərkəzinin, səfirliyin nəzdindəki məktəbin işini dayandırmaq, həmçinin bir sıra inzibati və texniki qurumları azaltmaq məcburiyyətində qalacağını ifadə edib: “Buna baxmayaraq biz diplomatik missiyanın funksional nüvəsini qoruyub saxlaya biləcəyimizə inanırıq, bunun sayəsində Rusiya vətəndaşları üçün konsulluq xidmətləri göstəriləcək. Dövlətlərarası münasibətlərə, diplomatik dialoqa gəlincə, Rumıniyanın xarici siyasəti onun Birləşmiş Millətlər Təşkilatı ilə strateji tərəfdaşlığı ilə müəyyən edilir. Bir çox dövlətlər və təşkilatlar bildiyiniz kimi açıq şəkildə anti-Rusiya siyasəti aparırlar”.
Əslində isə məlum olduğu kimi Rumıniya daxil digər Avropa ölkələrinin rus diplomatları hədəf alması və tədbirlər görməsi ilə bağlı ilk addım deyil. Bu cür diplomatik problemlər hələ müharibənin başlamasından 3 ay sonra müşahidə edilirdi.
Son olaraq Buxarestdən əvvəl iyunun 10-da İslandiya Moskvadakı səfirlik fəaliyyətinə son qoyacağını elan edi. Bundan əlavə Rusiyanın Almaniya, Moldova və bir sıra Skandinaviya ölkələri ilə də diplomatik problemleri olub. Belə ki bu ölkələr Rusiyanın diplomatlarının ölkədən çıxarılmasına qərar vermişdi. Ümumilikdə, 2022-ci ilin fevralından bu günə Avropa ölkələrindən diplomatik ad altında işləyən 400-dən çox rus casusu çıxarılıb.