Azərbaycan BMT-yə müraciət etdi - Daha vicdanlı iştirak təmin edilsin
Bölmə: Siyasət › ,Tarix: 12:30 07.08.2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə və sülh danışıqlarında vicdanlı şəkildə iştirak etməyə çağırıb. Bu barədə Azərbaycanın BMT yanında Daimi Nümayəndəsi Yaşar Əliyev Təşkilatın Təhlükəsizlik Şurasında “Aclıq və münaqişələrin səbəb olduğu ərzaq problemi” mövzusunda açıq debatda çıxışında bildirib. Ermənistanın təzminat məsələsində məsuliyyət sahibi olması isə qaçılmazdır. Bəs onun məsuliyyətdən yayınması necə? Belə olduğu halda işğalçı tərəfin müqəddəratı necə olacaq?
Azərbaycanın BMT yanında Daimi Nümayəndəsi Yaşar Əliyev bidirib ki, Azərbaycanın əkin sahələrinin böyük hissəsi Ermənistanın səngərlər, tunellər və digər müdafiə istehkamları tikməsi nəticəsində dağıdılıb: “Qanunsuz fəaliyyətlər həm bitki örtüyünə, həm də infrastruktura ciddi şəkildə ziyan vurub. Ermənistan öz beynəlxalq öhdəliklərinə əməl etməli, silahlı qüvvələrini Azərbaycan ərazisindən tamamilə çıxarmalıdır. Ərazi iddialarına, qanunsuz fəaliyyətlərə və dezinformasiyalara son qoymalı, mina terrorunu dayandırmalı, münaqişə zamanı itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyinə işıq salmalıdır. Ermənistan həmçinin Azərbaycana, o cümlədən onun ərzaq təhlükəsizliyi sistemlərinə dəymiş zərəri ödəməli və iki dövlət arasında sülh müqaviləsi və sərhədin delimitasiyası üzrə danışıqlarda vicdanlı şəkildə iştirak etməlidir. Azərbaycan öz xalqını, suverenliyini və ərazi bütövlüyünü qorumaq əzmində qətidir və dinc, təhlükəsiz, sabit və çiçəklənən region məqsədlərinə tam sadiqdir”.
BMT Təhlükəsizlik Şurasının 3 avqust tarixli açıq debatında Azərbaycan dəymiş ziyana görə Ermənistanı növbəti dəfə təzminat ödəməyə çağırıb. Araşdırmalara görə, işğal dövründə Azərbaycana 285 milyard dollar həcmində ziyan dəyib. Lakin işğal boyunca təbii sərvətlərimizin talan edilməsi, mülki infrastruktura və ayrı-ayrı fərdlərə dəymiş ziyanın məbləği bundan bir neçə dəfə yüksəkdir. BMT-nin qəbul etdiyi 2001-ci il 12 dekabr tarixli qətnamə təcavüz və işğal faktı ilə üzləşmiş ölkənin xeyrinə kompensasiya ödənilməsini özündə ehtiva edir. Nəzərə alsaq ki, Azərbaycan Haaqa Protokoluna qoşulan ölkələrdəndir, deməli, rəsmi Bakı Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edə bilər.
Beynəlxalq hüquq üzrə ekspert Turqay Hüseynov bildirib ki, ərazilərin minalardan təmizlənməsi Azərbaycanın vəsaiti hesabına olmamalıdır. Yəni burada birmənalı olaraq Ermənistan cavabdehlik daşıyır, nəinki xəritələrin verilməsində. O cümlədən minaların təmizlənməsində də gəlib vəsait xərcləməlidir. Ermənistanın həmin əraziləri işğalda saxlaması faktı həm BMT bəyannamələri ilə təsdiq olunub, həm Avropa İnsan Hüquqları Bəyannaməsinin müvafiq qərarlarında öz əksini tapıb. Yəni burada Ermənistanın məsuliyyət daşıması göz qabağındadır. Bu proses Avropa İnsan Hüquqları Məhkəməsi müstəvisində olacaq. Yəni artıq Azərbaycan tərəfi bu məsələ üzərində işləməlidir”.
Politoloq Əlimusa İbrahimov deyir ki, BMT-də məsələnin qaldırılması artıq bu ziyanın məbləğinin müəyyən olunması və əldə beynəlxalq təşkilatlar tərəfindən bir sənədin olması anlamına gəlir: “Bu, uzun bir prosesdir, məsələ bir günün məsələsi deyil. Baxaq görək, bu gün Ermənistan bu təzminatı ödəmək qüdrətinə malikdirmi? Və yaxud da ki, Ermənistan bu təzminatı ödəməkdən boyun qaçırdıqda onun başına nələr gələcək. Təzminat ödənməsi məsələsi beynəlxalq təşkilatlar, beynəlxalq qurumlar tərəfindən təsdiq olunmalıdır və Ermənistanın boynuna qoyulmalıdır ki, həqiqətən təzminat ödəməlidir”.
Beynəlxalq təcrübəyə əsasən, son dövrlər təzminatların ödənilməsi ilə bağlı məhkəmə qərarlarının əksəriyyəti fərdi müraciətlərə əsaslanır. Deməli, işğal zamanı ziyan çəkmiş vətəndaşlarımız da Avropa Məhkəməsinə müraciət edə bilərlər. Azərbaycanın isə belə bir məqamda gedə biləcəyi yeganə güzəşt danışılar yolu ilə təzminatın ödənilməsi müddəti ilə bağlı ortaq razılığa gəlinməsidir.
Zeynəb