Rişi Sunak BMT iclasında iştirak etməyə bilər

Bölmə: Siyasət › ,
Tarix: 14:08 07.08.2023

Rişi Sunakın BMT Baş Asambleyasının iclasında iştirak etməkdən imtina edə biləcəyi açıqlanıb. Bu ehtimalın isə Böyük Britaniyanın daxili siyasətindən qaynaqlandığı bildirilir. İclasda iştirak etməməyin ölkənin daxili siyasətində nə dərəcədə dəyişiklik edəcəyi hələ ki sual altında olsa da proses ölkənin xarici siyasəti üçün heç də müsbət nəticələnməyəcək. Gedişat hansı hadisələrə şahidlik etməyimizə səbəb ola bilər?

Son 10 ildə ilk dəfə Böyük Britaniyanın tarixində baş nazir BMT Baş Asambleyasının iclasında iştirak etməyə bilər. Mütəxəssislər bildirirlər ki, Britaniya hökümət başçısının bu addımı ölkədə daxili siyasi böhrandan qaynaqlanır. Belə ki, baş nazir indiki məqamda əsas məqsədin partiyada daha da güclənmək olduğunu düşünür. O, eləcə də seçki kampaniyası zamanı verdiyi 5 vədi yerinə yetirmək  və Mühafizəkarlar Partiyasının illik konfransına hazırlaşmağı daha məqsədəuyğun hesab edir. 

 

Siyasi şərhçi Oqtay Qasımov deyir ki, Rişi Sunak keçən il Böyük Britaniyada hökümət böhranlarından sonra hakimiyyətə gəlib və onun hakimiyyətə gəlişi Konsevatorlar partiyasında ciddi mübarizə nəticəsində olub: “Əvvəlki hökümətlərin istefasına səbəb olan daxili problemlər hələ qalmaqdadır. Bunlar Böyük Britaniya iqtisadiyyatında baş verən geriləmələr və Ukrayna savaşı ilə bağlı yaranan mürəkkəb vəziyyətdir”.

 

Hazırda Böyük Britaniyada yaşanan vəziyyətə nəzər saldıqda  həm vətəndaşların, həm də bəzi partiyaların dövlətə etibarının qalmadığı məlum olur. Bu da ölkənin miqrant və iqtisadi siyasətində yaşadığı uğurusuzluqlarla bağlıdır. Mütəxəssislər bildirirlər ki, Rişi Sunakın qərarının Böyük Britaniyaya müsbət təsirlərindən çox mənfi təsirləri olacaq. Çünki ölkə xarici siyasətdən üz döndərib özünü təcrid etdikcə nə daxili siyasətdə, nə də xarici siyasətdə irəiləyişə nail ola bilər.  

 

Siyasi şərhçi Orxan Nəbiyev hesab edir ki, Rusiya Ukrayna müharibəsi başlayandan Britaniya bütün həm kəşfiyyat, həm silah, həm də beynəlxalq siyasət baxımından Ukraynaya dəstək verir: “Hazırda Britaniyanın özünə qappanması bu dəstəyi biraz zəiflədə bilər. Bu isə artıq geosiyasi mənfi nəticələrə gətirib çıxarda bilər ona görə də Böyük Britaniyanın hazırda Qərb dövlətləri demokratik dövlətlər ən böyük problemlərindən biri budur ki  bir çox məsələlərdə geri addım atılır”.

Onu da qeyd edək ki,  BMT Baş Assambleyasına getməyən sonuncu Britaniya siyasətçisi 2013-cü ildə Devid Kemeron olub.

 

Fidan