Hərbi sirləri Çinə ötürən hərbçilərin işinin detalları bəlli oldu

Bölmə: Siyasət › ,
Tarix: 14:43 07.08.2023

ABŞ Hərbi Dəniz Qüvvələrinin əsgərlərinin Çinə casusluq etdikləri məlum olub. Məsələ ilə bağlı Ağ Ev rəsmiləri istintaq açıldığını və müvafiq şəxslərin cəzalandırılacağını bildiriblər. Onlar Pekini Vaşinqtona qarşı qeyri-dost hərəkətləri dayandırmağa çağırıblar.

ABŞ Hərbi Dəniz Qüvvələrinin iki əsgəri milli təhlükəsizliklə bağlı vacib məlumatları Çinlə paylaşmaqda ittiham edilərək həbs olunub. Bu barədə ölkənin Ədliyyə Departamentinin Milli Təhlükəsizlik Şöbəsinin rəsmisi Metyu Olsen açıqlama verib. Qeyd edib ki, saxlanılanlardan  biri San Dieqoda yerləşən “USS Essex” gəmisində işləyən 22 yaşlı Sinçou Vey ABŞ-nin milli müdafiə məlumatlarını Çin kəşfiyyat rəsmilərinə göndərib. İddiaya görə, Vey Çin rəsmisi ilə 2022-ci ilin fevralında əlaqə saxlayaraq işlədiyi gəminin foto və videolarını göndərib. Digər 26 yaşlı Venhen Çao isə 2021-ci ilin avqustundan 2023-cü ilin mayına qədər Hərbi Dəniz Qüvvələrinin vacib hərbi məlumatlarını Çindən olan kəşfiyyat zabitinə ötürüb. İddia olunur ki, Çaonun səlahiyyətlilərə göndərdiyi məlumatda ABŞ-nin Hind-Sakit Okeandakı hərbi təliminin əməliyyat planları da var. 

Federal Təhqiqat Bürosunun San Dieqo Ofisi üzrə məsul nümayəndəsi Steysi Moy ABŞ üçün Çin Xalq Respublikası və Çin Kommunist Partiyasından daha böyük təhlükə olmadığını deyib. Onun sözlərinə görə, Pekinin strateji planı ABŞ-a hücum edən dünyanın yeganə super gücü olmaqdır. Bu fonda isə o "qeyri-dost" addımlar atmaqda davam edir.

FTB-nin  xüsusi agenti Steysi Moy bidirir ki, Federal Təhqiqat Bürosu davamlı olaraq xarici kəşfiyyat düşmənlərinin xalqımıza yönəlmiş təhdidlərini izləyir: “Çin Xalq Respublikası xüsusilə öz üstünlükləri üçün ən həssas texnologiyalarımızı ələ keçirmək istəyir. O, hərbi icmamızın üzvlərini hədəfləyir. FTB-imiz ÇXR-nın ABŞ-ın strateji və hərbi maddi-texniki təminatı, planları və milli təhlükəsizliyimizi təhdid edən aktlarının qarşısını aldı. Bir daha qeyd etmək istəyirəm ki, FTB Çin hökuməti və Çin Kommunist Partiyasının yaratdığı təhlükə ilə mübarizə aparmaq üçün heç nədən əl çəkməyəcək”.

Yeri gəlmişkən, araşdırmalar nəticəsində o da məlum olub ki, adı açıqlanmayan Çin kəşfiyyatçısı Veyə məlumatları paylaşmamaq və izlərini gizlətmək üçün dəlilləri məhv etmək tapşırıb. Federal səlahiyyətlilər, Veyinin buna görə minlərlə dollar aldığını iddia edir. ABŞ prokuroru Rendi Qrosman Çinin qanunun aliliyini pozan və milli təhlükəsizliyi təhdid edən hərəkətlərinin qarşısını almaq üçün tezliklə lazımi addımlar atılacağını açıqlayıb. 

ABŞ prokuroru Rendi Qrosman hərbçilərə böyük məsuliyyət və böyük inam əmanət etdiyini ifadə edib: “Millətimizin təhlükəsizliyi və əmin-amanlığı onların əlindədir. Əsgərlərimiz ölkənin gələcəyini qorumaq əvəzinə nağd pul seçərsə və milli təhlükəsizlik məlumatlarını başqa ölkələrə təhvil verərsə, Birləşmiş Ştatlar da ciddi şəkildə məsələni araşdıracaq və mühakimə edəcək”.

Qeyd edək ki, Çinin BŞ-yə qarşı kəşfiyyat xarakterli addımları ilk deyil. Belə ki, Pekin hakimiyyəti hər daim Vaşinqtonun hərbi məlumatlarını ələ keçirməyə çalışıb. Ötən ay bu məqsədlə rəsmi Vaşinqtonun hərbi qüvvələrinin hərəkətlərini izləmək üçün Kubadakı bazasından  istifadə edəcəyini açıqlamışdı. Floridadan 100 mil məsafədə yerləşən casus bazası Çin kəşfiyyat orqanlarına ABŞ-nin  cənub-şərqindəki hərbi bazalarda e-poçt, telefon zəngləri və peyk rabitəsi daxil olmaqla kommunikasiyaları ələ keçirməyə, həmçinin Amerika məhkəmələrinin hərəkətinə nəzarət etməyə imkan verəcək. 

 

Ənvər