Ukrayna ordusu yeni strategiyaya keçdi

Bölmə: Siyasət › ,
Tarix: 14:47 08.08.2023

Ukrayna ordusunun nümayəndəsi yeni strategiyalarını açıqlayıb. Bildirilib ki, qarşı tərəfə məxsus körpülərin istifadəyə yararsız hala gətirliməsi onların yeni strategiyalarının bir parçasıdır. Bu taktika nəticəsində qarşı tərəf döyüş meydanına lazımi miqdarda resurs cəlb edə bilmir.

 

Körpülərin sıradan çıxarılmasında əsas məqsəd cəbhəyə canlı qüvvə və texnikaların daşınmasının qarşısını almaqdır. Bu barədə açıqlama verən Ukrayna Silahlı Qüvvələrinin “Cənub” Əməliyyat Komandanlığının nümayəndəsi Nataliya Qumenyuk əlavə edib ki, düşmənin arxa cəbhədəki potensialının məhv edilməsi onlar üçün yeni hədəfdir. Qumenyukun sözlərinə görə, Rusiya Ukraynanın uzaq mənzilli silahlarından qorxur: “Qarşı tərəfin cəbhəyə qüvvə və texnika cəlb edə bilməməsinin əsas səbəbi dünən iki əsas yol körpüyə - Çonqarski və Geniçeskə endirilən zərbələrdir. Seçilmiş doğru strategiya nəticəsində Rusiya ordusunun maddi-texniki təminatı ləngiyir. Düşmən cəbhədə birbaşa zərbə gözləyərkən biz arxadan hücum edərək, Rusiyanın resurslarını məhv edirik”.


Mütəxəssislərin fikrincə, Ukraynanın yeni strategiyası qarşı tərəfin hərbi əməliyyatlarını məhdudlaşdıra biləcək miqyasda deyil. Proseslərin gedişi bu fikri doğurultmaqdadır. Çünki Rusiya qarşılıq olaraq daha uzaq məsafələrdən dəqiq zərbələrə imkan yaradan silahlardan istifadəyə başlayıb. Xerson ilə Krımı birləşdirən Çonqar körpüsünün vurulmasında istifadə olunan “Storm Shadow” raketləri də buna nümunədir.


Hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, Ukrayna rəsmilərinin körpülərin vurulmasını yeni taktika kimi təqdim etməsi doğru deyil. Bu taktikalardan istənilən müharibədə istifadə olunub: “Amma hər bir halda Çonqar körpüsünə dəyən zərbə bu körpünü tamamilə sıradan çıxarmayıb. Yanız orada böyük bir dəlik yaradıb. Bu dəliyin təmiri və yaxud bərpası bir iki gün ərzində maksimum tamamlana bilər. Odur ki, bunu bir qələbəyə gətirib çıxaracaq addım kimi dəyərləndirməkdən başqa Xerson ilə Krımın təminat-təchizatında sadəcə fasilə yaradacaq faktor kimi dəyərləndirsək daha düzgün olardı”.


Xatırladaq ki, Ukrayna ordusu ötən gün 2 əsas rabitə marşrutunu - Çonqarski və Geniçesk avtomobil körpülərini vurub. Bu gün isə Rusiya Silahlı Qüvvələri Xarkov vilayətinin Kuçerovka kəndini atəşə tutub, nəticədə 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb.

Fidan