Separatçıların çəmbəri daralır
Bölmə: Siyasət › ,Tarix: 16:14 08.08.2023
Qarabağdakı separatçı dəstənin başçısı yenə sərsəm açıqlamalarla çıxış edib. Araik Arutyunyan Xankəndidəki ermənilərlə bağlı həyati əhəmiyyətli qərarların konsensusla aparılmalı olduğunu bildirib. Əslində bu fikirlər məsələnin nə dərəcədə absurd olduğunu göstərir. Azərbaycan ərazisindəki xalqlar haqqında bütün qərarı məhz rəsmi Bakı verməlidir.
Separatşıların rəhbəri Araik Arutunyan günlərdir anonsunu etdiyi müsahibəsində Ermənistanı və Azərbaycanı dırnaqarası Artsaxı məhv etməkdə günahlandırıb. Müstəqil olduqlarını və heç kimdən asılı olmadığını iddia edən qondarma rejimin rəhbəri Qarabağda istənilən həyati əhəmiyyətli qərarın konsensus əsasında olmalı olduğunu iddia edir. Siyasi şərhçi Oqtay Qasımovun sözlərinə görə, bütün bu fikirlər sadəcə Araikin təxəyyülü və arzularından ibarətdir. Çünki Azərbaycan ərazisində yaşayan heç bir xalqla bağlı konsensus əsasında qərar verilmir. O bununla sadəcə erməni xalqını guya sakitləşdirmək və xilaskar görünməyə çalışır.
Özlərini ayrı respublika hesab edən, Azərbaycanın rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında olan Xankəndi şəhərində fəaliyyət göstərməyə çalışan separatçı-terrorçuların başçısı Araik Arutyunyan “Bakı ilə dialoq” məsələsindən danışıb. Araik Qərbin “üçüncü ölkədə” belə bir “dialoq” keçirməklə bağlı təklif verdiyini iddia edib. Onun sözlərinə görə, Qərb bu görüşdə hər hansı gündəm müəyyən etməyib.
Siyasi şərhçi Elçin Mirzəbəyli deyir ki, Azərbaycan hər hansı formada “Xankəndi ilə dialoq” adı verilən, Xankəndidəki bir ovuc terrorçunu tərəfə çevirməyə hesablanan bütün təkliflərdən imtina edib və Qarabağdakı erməni icmasının məsələsinin daxili işi olduğunu bildirib. Qondarma rejimin başçısının dedikləri onu göstərir ki, hələ ki Bakının tələbləri ilə razılaşmaq fikirləri yoxdur: “Lakin onlara dəstək ola biləcək bütün qüvvələrə də ümid qalmayıb. Bundan sonra isə separatçıların çəmbəri daralır. Tək çıxış yolu isə Bakının bütün tələblərinin qeyd şərtsiz yerinə yetirilməsidir”.
Fidan