Nüvə silahından istifadə mövzusu yenidən gündəmdə
Bölmə: Siyasət › ,Tarix: 16:30 08.08.2023
"Baş verən müharibələr və münaqişələr nüvə silahından istifadə mövzusunu yenidən aktuallaşdırır". BMT-nin Baş katibi Antonio Quterreş bundan narahat olduğunu bildirib və bütün ölkələrə çağırış edib. Bunun hər hansı bir ehtimalının belə fəlakətə yol açacağını bildirib. Lakin bəzi ölkələr onunla həmfikir deyil və lazım olduqda nüvə silahından rahatlıqla istifadə edə bilərlər. Mütəxəssislərin fikrincə, dünya yeni bir nüvə müharibəsinə hazır deyil.
Hazırda dünyada müxtəlif müharibələr və soyuq münaqişələr hökm sürür. Davam edən Rusiya Ukrayna müharibəsinin fonunda bəzi ölkələr nüvə silahı ilə hədələnir. Bir sözlə, nüvə müharibəsinin kölgəsi dünyanı yenidən öz ağuşuna alıb. BMT baş katibi Antonio Quterreş bildirib ki, nüvə müharibəsinin təbilləri yenidən çalınır. O, bütün ölkələri nüvə silahından tam imtina etməyə çağırıb. Lakin, rəsmi Moskvanın bundan sonrakı addımında hansı yolu izləyəcəyi hələ ki sual altındadır. Rusiyanın nüvə silahından istifadə etmə ehtimalına gəldikdə isə Amerika kəşfiyyatı hesab edir ki, Putin belə bir yolla Qərbin Ukraynaya kömək etməsini dayandırmağa çalışır.
Siyasi şərhçi Əlimusa İbrahimovun sözlərinə görə, son dövrlər Rusiya-Ukrayna müharibəsi cəbhəsində Rusiyanın siyasi rəhbərləri bir neçə dəfə atom, yaxud nüvə silahından istifadə edəcəkləri ilə bağlı dünya dövlətlərinə xəbərdarlıq ediblər. Rusiya üçün, Rusiyanın paytaxtı üçün bir təhlükə yaranarsa, nüvə silahından istifadə ediləcəyinə dair bəyanat verilib. Siyaasi ekpert deyir ki, ABŞ kəşfiyyatının məlumatına görə, Rusiyanın 2 minə yaxın taktiki nüvə silahı var. Döyüş başlıqları raketlərə, torpedalara və ya dərinlik bombalarına quraşdırılır. ABŞ iddia edir ki, Rusiya son illərdə bu cür silahların hazırlanmasına böyük sərmayələr qoyub, onların məsafəsini və dəqiqliyini artırıb. Bu proses təkcə Ukrayna üçün yox həmçinin, digər ölkələr üçün də vacib məsələdir. Gedişat belə davam edərsə və nüvə silahı prosesə qarışarsa üçüncü dünya müharibəsi qaçılmaz ola bilər.
Siyasi şərhçi Yeganə Hacıyevayın sözlərinə görə, bu ehtimalları ciddi mənbələr irəli sürüb: “Məsələ ondadır ki, bu mövzunun Ukraynadakı hərbi əməliyyatların dünya müharibəsinə çevrilməsini istəyən dairələr var. Bu dairələr ümumillikdə Ukraynadakı müharibədən istifadə edərək Avropada yeni konfiqurasiyalar formalaşdırmağa, ənənəvi düzəni dəyişməyə çalışırlar”.
Ekspertlərin sözlərinə görə, taktiki nüvə silahının tətbiqi dünyada böyük bir gərginliyin artmasına səbəb ola bilər. Çünki, nüvə silahından istifadə etməmək prinsipinə əsaslanan strateji sabitlik bütün ölkələrə aiddir. Hətta kiçik nüvə bombasının istifadəsi belə xoşagəlməzdir.