Polşa müharibəyə qoşulur?

Bölmə: Siyasət › ,
Tarix: 17:02 08.08.2023

“Polşa hökuməti Belarusda “Vaqner” hərbi təşkilatının muzdlularının olması səbəbindən bu ölkə ilə sərhədini tamamilə bağlanmasını nəzərdən keçirir”. Bunu CNN-ə müsahibəsində Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski deyib.

 

Polşa və Litva ilə sərhəddə yerləşən Suvalki dəhlizinə doğru irəliləməkdə olan “vaqnerçilər”in yaxın müddətdə Varşavaya daxil olma ehtimalı yüksəkdir. Belə olan halda, Polşa müharibəyə qoşula bilərmi? “Vaqner” təhlükəsi Polşanı Belarusla sərhədlərini bağlamağa vadar edir. Polşanın xarici işlər nazirinin müavini Pavel Yablonski ölkəsinin Belarusdan tam təcrid olunmasını və sərhədin tamamilə bağlanmasını nəzərdən keçirdiklərini açıqlayıb. Xatırladaq ki, Aleksandr Lukaşenko iyulun 23-də Rusiya prezidenti Vladimir Putinlə görüşündə “vaqnerçilər”in Varşavaya getmək istədiklərini, lakin buna icazə vermədiyini deyib. Ancaq Polşa rəsmiləri “Vaqner”in artıq ölkə ərazisinə daxil olmağa cəhd etdiklərini bildirib.


Ekspertlər Rusiyanın Ukraynaya dəstək göstərdiyi üçün Polşanı sıxışdırmağa çalışdığını deyir. Politoloq Xəqani Cəfərlinin sözlərinə görə, son hadisələr bu bölgədə münaqişə ehtimalının yaranmasını və toqquşma baş vermə ehtimalını artırır. Rusiya bu bölgədə gərginliyi artırmaqla NATO-nu və xüsusilə Birləşmiş Ştatları Ukrayna məsələsindən geri çəkməyə və hansısa güzəştlərə nail olmaq istəyir: “Buna deyirlər ki, “gərginliyi artırmaqla gərginliyin yumşaldılması”. Yəni, vəziyyəti elə həddə çatdırır ki, qarşı tərəf geri addım atmaq və hansısa danışıqlara hazır olmağa razı olur.”


Görünən odur ki, Rusiya NATO üzvü olan Polşaya birbaşa hücum edərsə, bu, növbəti dünya müharibəsinə çevrilə bilər. Belə olan halda, rəsmi Moskva öz planlarını həyata keçirmək üçün “vaqnerçilər”dən istifadə etməyə çalışır. Vəziyyətin kritikləşəcəyi təqdirdə Polşanın müharibəyə qoşula bilməsi isə istisna edilmir: “Vəziyyət ümumi böhranlıdır. Əgər ciddi şəkildə Suvalki dəhlizi Belarus və Rusiya tərəfindən “Vaqner” vasitəsilə təhlükəyə məruz qalarsa, əlbəttə ki, Polşa müharibəyə qoşula bilər. Təbii ki, Polşanın da müharibəyə qoşulması birbaşa NATO-nun kollegial iclasından asılıdır. Polaş Belarusla sərhədi tamamilə bağlayacaq. Qeyd edim ki, 250 km-lik beton sədd çəkilib, onun 150 m qalıb. Onu da bağlayandan sonra demək olar ki, Polşa ilə Belarus arasında “dəmir sədd” formalaşır və əlaqələr tamamilə qırılır.”


Polşa hava məkanının pozula biləcəyini də açıqlayıb. Buna görə Belarus sərhədi yaxınlığında daha çox qoşun yerləşdirməyə çalışır.

Zeynəb