Qərbi azərbaycanlıların Nüvədiyə qayıtmaları tələb edilir

Bölmə: Siyasət › ,
Tarix: 22:03 08.08.2023

Avqustun 7-si Qərbi Zəngəzur mahalının, indiki Ermənistanın Meğri rayonunun Nüvədi kəndinin sakinlərinin deportasiya olunmalarından 32 il keçdi. Qədim yaşayış məskənlərindən biri olan Nüvədi kəndi 1929-cu ilə qədər inzibati ərazi bölgüsü cəhətdən Azərbaycanın Cəbrayıl qəzasına tabe olub. Sonra isə Ermənistan SSR-nin Mehri qəzasının inzibati idarəetməsinə verilib. Nüvədililərin hər biri bu gün Nüvədiyə, öz evlərinə qayıtmaq arzusu ilə yaşayır.


Nüvədi kəndi Qərbi Azərbaycanda 1991-ci ilin avqustun 7-də sonuncu tərk edilən Azərbaycanlı yaşayış məskənidir. Kənddən azərbaycanlıların çıxarılması ilə Ermənistan soydaşlarımızın deportasiyasını tamamladı və monoetnik dövlətə çevrildi. Bu barədə Qərbi Azərbaycan İcmasında Nüvədi kənd sakinlərinin görüşü zamanı deyildi. Meğri rayon icmasının sədri Fikrət Əliyevin sözlərinə görə, 1988-ci ilin oktyabr ayına qədər 400 minə yaxın azərbaycanlı Ermənistanı tərk etdi. Amma Nüvəki qəndi daha 3 il dirəniş göstərərək müdafiə olundu. “O vaxt SSRİ ali sovetinin sədri var idi, Lukiyanov, bəlkə adını eşidərsiz, onun qəbulunda oldum. Onun müavini məni qəbul etdi. Mən ona hadisələri nağıl elədim, o xəritəyə baxan kimi dedi ki, bu torpaq sizin deyil də çıxmalısız, mən dedim qeyri-qanuni verilib o torpaq, o dedi ki, yox torpaq erməni torpağıdır, xəritəyə bax, mən özümü saxlaya bilmədim, dedim özünüz vermisiz, indi özünüz qanunlaşdırırsınız”.


Nüvədidən zorla çıxarılan kənd camaatı nəticədə Zəngilanın Vejnəli kəndinə, daha sonra isə respublikanın digər bölgələrinə köç ediblər. Tarixi ədalətsizliyə baxmayaraq, bu gün nüvədililərin hər biri Nüvədiyə, öz evlərinə qayıtmaq ümidini itirməyib. Onlar inanırlar ki, həmin gün mütləq gələcək.
Nüvədi sakini Balakişi Həsənovun sözlərinə görə, bu bir həqiqətdir ki, xalq canından da, malından da, hər şeydən çox ailəsinin, qız-gəlinin ismətini, namusunu qorumağı istəyirdi. “Elə qız-gəlinin xatirəsi üçün camaat kənddən çıxdı”.


Yurd-yuvalarından zorla qovulma nəticəsində böyük əziyyət çəkən Qərbi Azərbaycan İcması Ermənistandakı dədə-baba torpaqlarından qovulan azərbaycanlıların geri qayıtmaq hüququnun təmin edilməsi tələbində qətiyyətlə dayanır. İcma həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanın bu yaxınlarda növbəti dəfə səsləndirdiyi saxta iddiaları qətiyyətlə pisləyir.

Türkan