Ermənistanın dağ-mədən sənayesi ilə bağlı tələblər irəli sürüldü

Bölmə: Siyasət › ,
Tarix: 22:06 08.08.2023

Vətəndaş cəmiyyətlərinin Ermənistanın Baş nazirinə bu ölkənin dağ-mədən sənayesində ekoloji norma və standartları kobul şəkildə pozması ilə bağlı açıq məktubuna Paşinyanın cavab verməməsi, beynəlxalq ekspertlərə Ermənistanda vəziyyəti qiymətləndirməyə şərait yaradılmaması, “Environmental Protection First” Koalisiyasının yaradılmasını zəruri edib.


“Environmental Protection First” Koalisiyası Ermənistanın qanunsuz dağ-mədən sənayesi əleyhinə mübarizənin gücləndirilməsi məqsədilə yaradılıb. 4 ictimai birliyin imzası ilə bəyanat hazırlanaraq koalisiyanın əsası qoyulub. Araşdırmalar zamanı Ermənistanda dağ-mədən sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin ictimaiyyət üçün açıq olmalı sənədləri gizlətməyə çalışdıqları ortaya çıxıb. :"Ekoloji Maarifçilik və Monitorinq" İctimai Birliyinin sədri Qəmzə Yusubovanın sözlərinə görə, həmin sənədlər ictimaiyyət üçün, cəmiyyət üçün açıq olmalıdır, nəinki açıq, hətta onlar o sənədləri ört-basdır edirlər. Onlardan tələb edirik ki, ətraf-mühitlə bağlı fəaliyyətlər, ətraf-mühitin qiymətləndirilməsi sənədləri açıq olsun, ictimaiyyət məlumatlandırılsın”.


“Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva deyir ki, əsas məqsəd Ermənistanın dağ-mədən sənayesindəki fəaliyyətinin bütün qanuni vasitələrlə izlənilməsi və pozuntular əleyhinə mübarizənin gücləndirilməsidir. “Biz koalisiya olaraq, öncə Ermənistanda dağ-mədən sənayesi işlərinə cəlb edilmiş xarici şirkətləri məsuliyyətli olmağa dəvət edəcəyik. Onların həmin işləri başlamadan öncə apardıqları ətraf-mühiti qiymətləndirmə sənədlərinin öz veb-saytlarında yerləşdirilməsini tələb edirik. Dağ-mədən sənayesi işlərinə cəlb edilmiş bu xarici şirkətlərin baş ofisləri ilə əlaqəyə keçəcəyik. Ərazidə yerləşən çayların çirkləndirilməsi barədə onları məlumatlandıracağıq, məsuliyyətli olmağa dəvət edəcəyik”.


15 milyondan çox əhalinin yaşadığı Cənubi Qafqaz regionunu ekoloji fəlakətə sürüklənməsinin qarşısının alınması istiqamətində səylər davam etdirilir. Koalisiyanın fəaliyyətinə qonşu dövlətlərin dəstək göstərəcəyi gözlənilir.

Zeynəb