DÜNYADA ƏN GÜCLÜ ORDUYA ABŞ, RUSİYA VƏ ÇİN SAHİBDİR-AZƏRBAYCAN SİYAHIDA 57-Cİ YERDƏDİR
Bölmə: Siyasət › ,Tarix: 19:15 09.08.2023
“Global Firepower" araşdırma şirkəti 2023-cü il üçün dünyanın ən güclü ordularının siyahısını açıqlayıb. 145 ölkənin yer aldığı reytinqdə ölkələrin hərbi personalının sayı, mobillik və texnoloji inkişaf kimi bir çox amillər nəzərə alınıb. Məlum olub ki, dünyada ən güclü orduya Birləşmiş Ştatlar, Rusiya və Çin sahibdir. Bu ölkələrin ilk üçlükdəki yeri daimidir. Diqqəti çəkən məqam reytinqdə Pakistan, İngiltərə, Brazilya və İtaliyanın yüksəlişidir. Türkiyə də sıralamada 2 pillə irəliləyərək 11-ci yerdə qərarlaşıb. Əvəzində İran, Fransa və Yaponiya orduları əvvəlki illərlə müqayisədə zəifləyib.
Hərbi ekspert Elxan Şıxəliyevin sözlərinə görə, siyahıda ordu quruculuğu səviyyəsinə görə, Azərbaycanın da mövqeyi müsbətə doğru dəyişib. Ölkəmiz 2022-ci ildəki 63-cü pillədən 57-ci pilləyə yüksəlib. ““Global Firepower”ın sıralamasında il yarımdır Rusiyaya müqavimət göstərən Ukrayna ordusunun da mövqeyi 22-dən 15-ci pilləyə yüksəlib. İllərdir dünyanın ən güclü ordularından hesab edilən Rus ordusunun isə hərbi potensialının tükəndiyi hesab edilir. Şirkətin reytinq cədvəlində ilk onluqda yer alan 4 ölkə məhz NATO- üzvüdür. Onların müdafiə xərcləri Alyansın tələblərini belə ötüb”.
ABŞ-ın hərbi xərcləri artan inflyasiyaya baxmayaraq 877 milyard dollar təşkil edir ki, buda qlobal hərbi xərclərin 39 faizi deməkdir. Böyük Britaniyanın hərbi büdcəsi 65, Fransanın 56, İtaliyanınkı 31 milyard dollar təşkil edir. Qeyd edək ki, Türkiyə öz valyutası ilə müdafiəyə ən çox büdcə ayıran NATO üzvüdür. Qonşu ölkənin 2023-cü ildə ÜDM-in 1,31%-ni təşkil edən müdafiə xərcləri 339,9 milyard türk lirəsinə çatıb. Azərbaycanın müdafiə xərclərinə gəlincə, 2023-cü ilin büdcəsində ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da artırılması üçün xərclər 6 milyard 54 milyon 844 min 623 manata çatdırılıb.