40-DAN ÇOX ÖLKƏDƏN CİDDƏ GÖRÜŞÜ İLƏ BAĞLI BƏYANAT

Bölmə: Siyasət › ,
Tarix: 19:48 09.08.2023

Səudiyyə Ərəbistanının Ciddədə keçirilən görüşünün yekun bəyanatı yayılıb. Sənəddə bildirilib ki, Ciddədə Rusiya-Ukrayna böhranının həll yollarını müzakirə etmək üçün 40-dan çox ölkə sülh üçün beynəlxalq məsləhətləşmələrin davam etdirilməsi zəruriliyi barədə razılığa gəliblər.

Birləşmiş Ştatların Dövlət Departamentinin mətbuat katibi Metyu Miller Səudiyyə Ərəbiustanındakı toplantının Rusiya - Ukrayna müharibəsi fonunda səmərəli keçdiyini açıqlayıb. O, iştirakçı ölkələrin birbaşa Ukrayna rəsmiləri ilə görüşmələrinin Rusiyanın Ukraynadakı müharibəsinin sülh yolu ilə həllinə nail olmaq üçün müsbət addım olduğunu bildirib. O, Çinin danışıqlarda iştirakını xüsusi vurğulayıb. “Çinin Ciddədə keçirilən görüşdə iştirakının məhsuldar olduğuna inanırdıq. Şəxsi görüş olduğu üçün təfərrüatlar barədə danışmayacam. Biz çoxdan deyirdik ki, Çin Ukraynanın ərazi bütövlüyünə və Ukraynanın suverenliyinə hörmət edərsə, Ukraynada müharibənin dayandırılmasında rol oynaya bilər. Biz istənilən ölkənin Ukraynadakı vəziyyət barədə birbaşa Ukrayna hökumət rəsmiləri tərəfindən məlumatlandırılmasını səmərəli hesab edirik”.

Ard-arda gələn açıqlamalardan sonra Rusiyanın BŞ-dakı səfiri Anatoli Antonov Ciddədəki görüşdə heç bir diplomatik uğurun qazanılmadığnı bildirib. Onun sözlərinə görə, BŞ administrasiyasının Ukrayna ilə məsləhətləşmələrin məhsuldarlığına dair açıqlamaları xəyalpərəstdir və onlar Kiyevin bədnam “sülh formulu”na heç bir dəstək verməyiblər. Səfir əlavə edib ki, heç bir ölkə Rusiyanın təhlükəsizliyi ilə bağlı məsələləri Kremlin milli maraqlarını nəzərə almadan müzakirə edə bilməz. O, açıqlamaların Vaşinqtonun ikili standartlara uyğun siyasətinin təzahürü adlandırıb. Bildirib ki, Vaşinqton ilk növbədə Moskvanı danışıqlar prosesindən kənarlaşdırıb. Şərqi Avropadakı münaqişənin həllində iştirak etmək istəməməkdə ittiham edib.

Xatırladaq ki, Avqustun 5-də və 6-da Səudiyyə Ərəbistanının Ciddə şəhərində 40-dan çox dünya ölkəsinin iştirakı ilə Ukrayna - Rusiya müharibəsi fonunda danışıqlar aparılıb. Rusiyanın dəvət olunmadığı toplantıda Səudiyyə Ərəbistan və bir sıra digər ölkələr Ukrayna üçün atəşkəs, əsir mübadiləsi, Ukraynanın bütövlüyünün qorunması və BMT-nin vasitəçiliyi ilə sülh danışıqlarının başlanmasını nəzərdə tutan öz sülh planını irəli sürüblər.