RƏSMİ MOSKVA DANIŞIQLARI POZMAĞA ÇALIŞIR
Bölmə: Siyasət › ,Tarix: 11:44 10.08.2023
Amerika Birləşmiş Ştatları Qara dəniz taxıl sazişi ilə bağlı Moskvanın tələblərini yerinə yetirdiklərini açıqlayıb. Məlumata görə, Vaşinqton Moskvanın müqaviləyə qayıtması ilə bağlı rəsmi cavab gözləyir. ABŞ dövlət katibi Entoni Blinken Vaşinqtonun Rusiyanın taxıl sazişi ilə bağlı məsələlərini həll etdiyini bildirib. O əlavə edib ki, Birləşmiş Millətlər Təşkilatı Rusiyanı narahat edən məsələlərin həlli üçün öz təkliflərini təqdim etsə də, qarşı tərəf hələ ki, cavab verməyib. O, həmçinin Moskvanın Afrika ölkələrinə pulsuz təklif etdiyi taxıl tədarükünü okeanda bir damla adlandırıb. Söhbət Rusiya prezidenti Vladimir Putinin altı Afrika ölkəsinə 25-50 min ton taxılın pulsuz tədarükü ilə bağlı təşəbbüsündən gedir. “Biz Amerika banklarına Rusiyanın ixrac edəcəyi taxıla sanksiya tətbiq etməməyi tapşırmışıq. Rusiya taxılı ilə məşğul olan bankların cərimələnməyəcəyini yazılı şəkildə təsdiqləmişik. Biz Rusiya taxılının bank sistemindən ödənişlərlə yanaşı, bütün dünyada logistik problemlər yaşamaması üçün lazımi tədbirlər görmüşük. BMT-nin baş katibi Antonio Quterreş Rusiya rəhbərliyinə məlumat verib ki, Rusiyanın taxıl sazişindən çıxmasına səbəb olan maneələr aradan qaldırılıb. Lakin mesajın ötürülməsindən xeyli vaxt keçməsinə baxmayaraq, Moskvadan cavab almamışıq. Birləşmiş Ştatlar taxıl böhranını həll etmək üçün əlindən gələni etdi. Biz Rusiyanın razılaşmaya qayıtmasını gözləyirik”.
Rusiya iyulun 17-də müqavilənin öhdəliklərinin yerinə yetirilmədiyini bəyan edərək taxıl sazişindən çıxıb. Sövdələşmənin bərpası üçün tələblər arasında Rosselxozbank-ın SWIFT-lə bağlı məhdudiyyətləri aradan qaldırmaq tələbi qeyd olunur. Məlumata görə, taxıl müqaviləsinin bərpası üçün Moskvanın şərtlərindən biri bu olsa da, Qərb Rusiya bankını beynəlxalq ödəniş sisteminə yenidən qoşmağı planlaşdırmır. Bildirilir ki, bu qərarla Rusiya təkcə taxıl və gübrə ixracı əməliyyatları üçün deyil, həm də başqa məqsədlər üçün istifadə edə bilər. Mənbələrin məlumatına görə, Qərbin ata biləcəyi yeganə addım Rosselxozbank-ın törəmə bankını SWIFT-ə qoşmaqdır. Siyasi şərhçi Orxan Nəbiyev deyir ki, burada siyasi məsələlər və siyasi səbəblər var . “Belə ki, Ukraynanın əks hücum əməliyyatı, Ukraynanın qara dəniz hövzəsinə çıxması, 1991-ci il sərhədlərinə qayıtması Rusiyanın bütün planlarını pozub. Ümumiyyətlə, Ukrayna ilk aylardan Rusiyanın müharibə planlarını pozub və Rusiya strateji olaraq məğlub olub. Hazırda biz Rusiyanın taktiki məğlubiyyətini görürük. Belə olan halda Rusiya rəhbərliyi, Rusiya hakimiyyəti bütün danışıqları pozmağa çalışır”.
Kremlin mətbuat katibi Dmitri Peskov isə deyib ki, BMT baş katibinin məktubunda yalnız taxıl müqaviləsi üzrə müəyyən fəaliyyət planı təqdim olunub. Eləcə də nə vaxtsa, Rusiyanın şərtlərinin yerinə yetiriləcəyinə dair vədlər yer alıb. O vurğulayıb ki, hazırda taxıl sövdələşməsinə qayıtmaq mümkün deyil, çünki tələblər həyata keçirilmir. Kreml yalnız Rusiya ilə bağlı şərtlər yerinə yetirildikdən sonra müqaviləyə qayıdacağını bəyan edib.
AYSEL