ERMƏNİSTAN ANTİTERROR ƏMƏLİYYATLARINA MƏCBUR EDİR

Bölmə: Siyasət › ,
Tarix: 11:45 10.08.2023

Beynəlxalq Təşkilatlardan və bel bağladıqları dövlətlərdən ümidi üzülən ermənilər indi də aksiyalara əl atıblar. Qarabağ müharibəsində iştirak edən ermənilər İrəvanda aksiya təşkil edərək Ermənistan rəhbərliyindən Laçın yolunun açılmasını tələb ediblər. Bununla Guya Qarabağda gedən proseslərin onlar üçün əhəmiyyətli hadisə olduğu təsəvvürünü yaratmaqla dünyanın diqqətini çəkməyə çalışırlar. Reallıqlar isə tam başqadır. Qarabağın guya blokadada olduğuna dair yalanlar hər gün yeni faktlarla ifşa olur.

 

Ermənilər hökumət binası yaxınlığında yeni şouya start veriblər. Etirazçılar Respublika meydanı istiqamətində bütün yolları bağlamaqla hakimiyyətdən Laçın yolunun açılması üçün əməli iş görməyi tələb edirlər. Laçın yolu açılmayacağı təqdirdə isə sərhədə doğru yürüş edəcəklərini bəyan edirlər. Siyasi şərhçi Oqtay Qasımov deyir ki, bütün bu canfəşanlıq boşunadır. Çünki Ermənistanın Laçın yolu üzərində heç bir səlahiyyəti yoxdur. Məsələdə tək söz sahibi Azərbaycandır. “İrəvanda keçirilən aksiya və hökümətə qarşı irəli sürülən tələblər əlbəttə ki Ermənistanın Laçın sərhəddində tır humanitar yardım şousunun bir hissəsidir. Bununla Ermənistan hakimiyyəti dünyaya göstərmək istəyir ki, Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması və Qarabağda yaşayan ermənilərin taleyi erməni cəmiyyəti üçün həssas mövzudur. Bunun nəticəsində də Azərbaycana qarşı beynəlxalq təzyiqləri artıraraq, sülh prosesini ləngitmək və vaxt qazanmaq istəyirlər”.

 

Siyasi şərhçi Turan Rzayev isə deyir ki, bir müddət əvvəl separatçıların təşkilatçılığı ilə Qarabağda yaşayan ermənilərin Laçın yolunda aksiya keçirməyə hazırlaşdığına dair xəbərlər yayılmışdı. O zaman avtobuslar üçün yanacaq tapmadıqlarından gileylənən ermənilərin iç üzü də elə Xankəndidən yayılan kadrlarla ifşa olundu. “Amma mən separatçıların indiki məqamda silaha əl atıb Azərbaycana qarşı bir addım atacağını düşünmürəm. Belə bir addım sonrası antiterror əməliyyatları labüd olacaq”.

 

Xatırladaq ki, Ermənistandakı “Xaçlılar” dəstəsinin komandiri Sərkis Poqosyan Azərbaycandan Xankəndiyə göndərilən tırlar üçün yolun açılmasını tələb edib. Bildirib ki, əgər Xankəndiyə yol açılmasa, güc tətbiq ediləcək. Hadisədən sonra Ermənistan hökuməti onların toplaşdığı əraziyə polis qüvvələri də cəlb edib. Görünən odur ki, ermənilər münasibətlərin normallaşması, sülh istiqamətində addımlar atmaqdansa, bölgədə vəziyyəti daha da gərginləşdirməyə səy göstərirlər.

 

Aysel