FRANSA-ERMƏNİSTAN HƏRBİ ƏMƏKDAŞLIĞI GÜCLƏNDİRİR

Bölmə: Siyasət › ,
Tarix: 21:20 10.08.2023

Fransa və Ermənistan hərbi əməkdaşlıq istiqamətində yeni addımlar atırlar. Həm sülh yönündə vasitəçi olmaq istəyən, həm də regionda stabillik tərəfdarı olduğunu iddia edən Paris bir yandan da Ermənistanı silahlandırmaqla məşğuldur. Elə Ermənistan müdafiə naziri Suren Papikyanla Fransanın İrəvandakı yeni səfiri arasındakı görüş də məhz bu istiqamətdəki işlərə yönəlib. Ancaq bu zaman ağıllara müxtəlif suallar gəlir. Ermənistanın İqtisadiyyatı və hərbi gücü acınacaqlı haldadır. Hətta Fransızlar bu ölkəyə investisiya yatırmaqda da maraqlı deyillər. Bəs Paris İrəvanın hərbi arsenalın gücləndirmək üçün niyə bu qədər canıyananlıq edir? Analitiklər bu sualı Fransanın Ermənistanın favorit silah bazarı olan Rusiyanın yerinə keçmək və regiondakı imperialist maraqları ilə izah edirlər. Siyasi şərhçi Anar Əliyevin sözlərinə görə, müxtəlif illərdə Fransadan Ermənistana silah təchizatı ilə bağlı xəbərlər tirajlanıb. “Hələ 2020-ci ilin   oktyabrında Parisin "Charles de Gaulle" hava limanından qalxan "Airbus A320-214" yük təyyarəsi humanitar yük adı ilə Ermənistana silah gətirib. Daha sonra müxtəlif vaxtlarda iki ölkə arasında rəsmi şəxslər vasitəsilə silah tədarükünə dair danışıqlar aparılıb. 2022-ci ilin sentyabrında Ermənistan Respublikasının müdafiə naziri Suren Papikyanın Fransaya səfəri zamanı Fransa hərbi attaşesi Fransanın müasir silahlarının Ermənistana tədarükünə nəzarət edəcəyinə dair qərar verilib”. Hərbi ekspert Elxan Şixəliyev isə deyir ki, Avropa İttifaqının aparıcı ölkələrindən biri regiona silahların verilməsindən imtina etmək kimi ənənəvi ümumavropa siyasətini kobud şəkildə pozur. “Statistikaya görə, 2015-2019-cu illərdə Ermənistanın silah idxalının 94%-i Rusiyanın payına düşüb. Bundan başqa Ermənistanı silahlandıran ölkələr sırasında Hindistanın da adı çəkilir. Ermənistanın əsas dəstəkçiləri sırasında İranın da qeydə edə bilərik. Bununla belə, rəsmi Tehran Ermənistana silah göndərilməsi barədə xəbərləri təkzib etməyə çalışıb, lakin ortaya bunu təsdiqləyəcək fakt qoya bilməyib”.

FİDAN