ABŞ-DƏN AZƏRBAYCANA QARŞI BÖHTAN KAMPANİYASI

Bölmə: Siyasət › ,
Tarix: 13:32 11.08.2023

Birləşmiş Ştatların media orqanlarında Azərbaycanın Ermənistandan Qarabağa aparan yeganə yolu blokadaya aldığını iddia edən məqalə yer alıb. Hətta qeyd olunub ki, guya Beynəlxalq Qırmızı Xaç Komitəsi də blokada zamanı təcrid olunmuş anklavlara yardım gətirə bilmədiyindən şikayətlənir. Görünür, Ermənistanın "humanitar şou" oyununa Birləşmiş Ştatlar da inanıb. Bu isə Rəsmi Bakı ilə Vaşinqton arasında münasibətlərə ciddi zərbə vura bilər.

“Vaşinqton post” qəzetində yer alan məqaləyə əsasən guya Azərbaycan Ermənistandan Qarabağa aparan yeganə yolu blokadaya alıb, 120 min insanın yaşadığı bölgəyə ərzaq, tibbi ləvazimat və digər zəruri əşyaların çatdırılmasına ciddi maneələr var. Məqalədə Azərbaycan sözügedən məhsulların sərbəst tranzitinə şərait yaratmağa dəvət edilir. Siyasi şərhçilər hesab edir ki, gedən proseslər iki ölkənin münasibətlərinə ciddi təsir edə bilər. Politoloq İlyas Hüseynovun sözlərinə görə, yük maşınlarını "humanitar yük" şousu altında Laçın postuna göndərən Ermənistanın illuziyasına Birləşmiş Ştatlar da alət olub. “Ölkəmizə qarşı mənfi münasibət tamamilə yolverilməzdir və aradan qaldırılmalıdır. Beynəlxalq hüquqa hörmət nümayiş olunmalıdır. Azərbaycan öz qırmızı çizgilərini dəfələrlə ifadə eliyib və Qarabağ iqtisadi rayonunda yerləşən ermənilərin hüquqları və təhlükəsizliyi ilə bağlı zəmanətlər də ifadə olunub. ABŞ Bütün bu amillərİ ciddi nəzərdən keçirilməli və Ermənistanın saxta ideoloji hücumlarının təsirinə düşməməlidir”.

Politoloq Xəyal Bəşirov isə deyir ki, 2014-cü ildə Rusiya Ukraynanın Donbas ərazisinə humanitar yardım göndərmək məqsədilə BMT Təhlükəsizlik Şurasında məsələ qaldırıb. BŞ və beynəlxalq birlik dərhal bu təşəbbüsü rədd edib. Hətta müzakirələrdə BŞ-ın BMT-dəki nümayəndəsi bunu başqa ölkənin ərazisinə birbaşa müdaxilə cəhdi kimi qiymətləndirib. Lakin rəsmi Vaşinqton Azərbaycana münasibətə fərqli addımlar atır. “Əgər Ukraynaya münasibətdə ərazi bütövlüyü pozulursa, niyə Azərbaycana münasibətdə bu ərazi bütövlüyünün pozulması demək deyil? Həmin o dövlət BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü kimi 1993-cü ildə 4 qətnaməyə imza atıb. Həmin o qətnamələrlə əslində o ərazilərin Azərbaycana aid olduğunu qəbul ediblər, bunu təsdiq ediblər. Amma bugün də Azərbaycanın sərhədlərinin pozulmasına hesablanmış məkrli oyuna dəstək nümayiş etdirmək bir daha bu dövlətlərin ikiüzlülüyündən, ikili yanaşmasından xəbər verir”.

İndi ABŞ Dövlət Departamentinə yaxın “Vaşinqton post” və digər media orqanlarında Azərbaycana qarşı böhtan kampaniyasına start verilib. Bu cür siyasətlə Ağ ev özünün regiondakı mövqelərinə zərbə vurur. Çünki regionun lider dövləti olan Azərbaycanla münasibətlər bölgədə fəal olan istənilən ölkə üçün son dərəcə önəmlidir.

AYSU