FRANSA YEREVAN ÜÇÜN RUSİYA OLMAQ İSTƏYİR
Bölmə: Siyasət › ,Tarix: 13:42 11.08.2023
Fransa və Ermənistan hərbi əməkdaşlıq istiqamətində yeni addımlar atır. Həm sülh yönündə vasitəçi olmaq istəyən, həm də regionda stabillik tərəfdarı olduğunu iddia edən Paris bir yandan da Ermənistanı silahlandırmaqla məşğuldur. Elə Ermənistan müdafiə naziri Suren Papikyanla Fransanın İrəvandakı yeni səfiri arasındakı görüş də məhz bu istiqamətdəki işlərə yönəlib. Nəzərə alsaq ki, Ermənistan İqtisadiyyatı və hərbi gücü acınacaqlı haldadır, fransızlar bu ölkəyə investisiya yatırmaqda maraqlı deyil, Parisin İrəvanın hərbi arsenalını gücləndirmək canıyananlığı suallar yaradır. Siyasi şərhçi Anar Əliyev deyir ki, Fransa Ermənistanın favorit silah bazarı olan Rusiyanın yerinə keçmək istəyir. Eləcə də Yelisey sarayı regiondakı imperialist maraqlarını təmin etməyə çalışır. “Bu, artıq iki dövlət arasında ticarət əlaqələri deyil. Bu, Fransa kimi bir dövlətin demokratiyadan, insan haqlarından, beynəlxalq hüquqdan dəm vuran bir dövlətin bu dəyərləri ayaqlar altına atması və Ermənistanı alət etməklə bölgəyə və Cənubi Qafqaza öz təsir imkanlarını genişləndirmək istəyi ilə bağlıdır. Hesab edirəm ki, Fransa demokratik prinsiplərə və insan haqqlarına zidd davranışlarla bölgəyə təsir edə bilməyəcək. Tam əksinə, dünya səviyyəsində az qalan imicinə daha ciddi zərbələr vurmuş olacaq”.
Hərbi ekspert Elxan Şıxəliyevin sözlərinə görə, daha əvvəl müxtəlif illərdə Fransadan Ermənistana silah təchizatı ilə bağlı xəbərlər tirajlanıb. “Hələ 2020-ci ilin oktyabrında Parisin "Charles de Gaulle" hava limanından qalxan yük təyyarəsi humanitar məqsəd adı ilə İrəvana çatsa da, daha sonra bu yükün məramı müəmmalı qalıb. 2022-ci ilin sentyabrında isə Ermənistan müdafiə naziri Suren Papikyanın Parisə səfəri çərçivəsində birbaşa hərbi əməkdaşlığa başlamaq qərarı qəbul edilib”.
Statistikaya görə, 2015-2019-cu illərdə Ermənistanın silah idxalının 94%-i Rusiyanın payına düşüb. Bundan başqa Ermənistanı silahlandıran ölkələr sırasında Hindistanın da adı çəkilir. Həmçinin, İran da İrəvanın əsas silah tədarükçülərindən hesab edilir. Düzdür, Tehran hər dəfə bunu təkzib etsə də, ortaya real fakt qoya bilmir.
FİDAN