YEREVAN HAVADAR AXTARIR

Bölmə: Siyasət › ,
Tarix: 21:55 14.08.2023

Ermənistan Azərbaycanla danışıqlar prosesini saxta "erməni soyqırımı" iddiası ilə pozmağa çalışır. Şübhəsiz ki, plan baş nazir Nikol Paşinyanın özü hazırlayıb. Yəni o, danışıqlar prosesində, guya, konstruktiv olduğunu, beynəlxalq hüququ nəzərə aldığını təsdiqləsə də altdan-altdan dəstəklədiyi "təşəbbüslərlə" həmin hüququn bəyan etdiyi prinsipləri şərh etməyə çalışır.

Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Ocampo Arayik Arutyunyanın ərizəsinə cavab olan saxta hesabat hazırlayıb. O, Azərbaycanın Qarabağ ermənilərinə qarşı, guya, soyqırımı həyata keçirməsi ilə bağlı iddiasının beynəlxalq hüquq müstəvisinə çıxarılmasına çalışır. Bununla da kifayətlənmir, Qarabağda yaşayan ermənilərin özbaşınalığı üçün bir neçə həftə ərzində Laçın yolunun ləğvini və 2025-ci ilin mayına qədər ərazi mübahisələrinin həllini vacib sayır. Luis Moreno Ocamponun erməni icması ilə tez-tez görüşməsini nəzərə alsaq, sözügedən hesabatın hazırlanmasında qərəzli mövqe tutmasını da başa düşmək mümkündür. Politoloq Yeganə Hacıyeva deyir ki, 90-cı illər deyil ki, bir prokurorun yalnış rəyləri əsasında Beynəlxalq Ədalət Məhkəməsi hər hansısa bir ölkənin xeyrinə səhv qərar versin. “Beynəlxalq Ədalət Məhkəməsi ümumilikdə Laçınla bağlı bir qərar verib. Onların belə bir qərarı olduğu halda BMT Təhlükəsizlik Şurasının hər hansı bir şəbəkə, erməni lobbisinə və s. yaxın prokurorunun verdiyi rəy əsasında hesabat qəbul etməsi inandırıcı deyil”.

Siyasi şərhçilər hesab edirlər ki, Luis Moreno Ocampo üçün hüquq anlayışı yoxdur. Əks-halda, o, Qarabağın Azərbaycan ərazisi kimi beynəlxalq səviyyədə tanındığını nəzərə alardı. Politoloq İlyas Hüseynovun sözlərinə görə, onun hazırladığı hesabatda xaricdə fəaliyyət göstərən erməni diasporunun da rolu az deyil. “Əlbəttə ki, regionda baş verən proseslərdən o, məlumatsızdır. Burada yalnız tanışlıqlar, eləcə də erməni lobbisi ilə olan əlaqələr əsas faktor kimi çıxış edir. Bəzi məlumatlara görə, onun Latın Amerikasında, xüsusilə də Argentinada geniş resurslara malik erməni milyarderlərlə dostluq münasibətləri var. Latın Amerikasında artıq uzun illərdir ki, ermənilər məskunlaşıblar. Ermənistanın sabiq liderləri - terrorçu Kaçaryan və Sarksyan tez-tez bu bölgələrə səfərlər edir və erməni lobbisi arasında həmrəyliyin formalaşmasına çalışırdı”.

Qeyd edək ki, Xocalıdakı aeroportu Luis Moreno Ocampoya məxsus şirkət inşa edib. İrəvan və Gümrü hava limanlarını da sabiq prokurora aid şirkətlər idarə edir.

AYSU