SƏNGƏRLƏR QAZILIR, MİNALAR BASDIRILIR
Bölmə: Siyasət › ,Tarix: 23:31 14.08.2023
Son günlər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı birləşmələrinin və Ermənistan silahlı qüvvələrinin qalıqlarının aktivliyi müşahidə olunur.Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ərazidəki qeyri-qanuni birləşmələr və Ermənistan silahlı qüvvələrinin qalıqları tərəfindən döyüş mövqelərinin şəxsi heyət, silah-sursat baxımından gücləndirilməsi, eləcə də yeni müdafiə hədlərinin, səngərlərin, uzun müddətli fortifikasiya qurğularının hazırlanması və əraziyə minaların basdırılması müşahidə olunub. Bundan başqa, qanunsuz hərbi birləşmələrin üzvlərinin Qarabağ iqtisadi rayonunun bir neçə yaşayış məntəqəsində müxtəlif təyinatlı döyüş texnikası, xüsusilə də hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələrini yerləşdirməsi, mülki əhalinin kütləvi şəkildə silahlandırması faktları da ortaya çıxıb. Planlaşdırılan şəkildə atəş mövqeləri bir çox hallarda yaşayış evlərinin yaxınlığında yerləşdirilir. Bu kimi qanunsuz və təhrikçi fəaliyyətlərin bölgədə gərginliyin artmasına səbəb olduğunu nəzərə alan Müdafiə Nazirliyi bildirir ki, baş verə biləcək istənilən hadisələrə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək.