“TIR ŞOUSU”NUN QARANLIQ TƏRƏFİ
Bölmə: Siyasət › ,Tarix: 14:35 15.08.2023
Laçın sərhəd-buraxılış məntəqəsinin əks tərəfində Ermənistanın “TIR şousu” davam edir. Azərbaycan əleyhinə təxribat aparmaq və bölgədə sabitliyə kölgə salmaq işində ermənilərlə yanaşı, İranın da əlinin olması istisna edilmir. Sözügedən TIR-ların sürücülərinin əksər hissəsinin farslar olduğu iddiası isə son günlərin əsas müzakirə predmetidir. Siyasi şərhçi Turan Rzayev bölgədəki vəziyyətdən tam agah ola bilməsi üçün İranın belə bir addım atmasını mümkün hesab edir. “Biz bundan öncə də fərqli motivlərdə İranın TIR-lar və humanitar daşımalar üzərindən Xankəndinə gedib-gəldiyini bilirik. Hətta Xankəndinə silahların daşındığından da bizim məlumatımız var. Bu baxımdan həmin TIR sürücülərinin İran vətəndaşı olması, SEPAH agenti olması real versiyadır. Bununla belə bir nəticəyə gəlmək olar ki, İran hazırki prosesləri yaxından izləyir və həmin TIR sürücüləri Xankəndinə keçə bilsə, separatçıların təşkilatlanması və onların yenidər ordu qurub, Azərbaycan əleyhinə fəaliyyət başlanmasında yaxından kömək edə bilərlər”.
“Yükdaşımalar” və “humanitar yardım” adı altında Azərbaycan ərazisinə daxil olmaq istəyən istənilən şəxs və şəxslərin ciddi yoxlanılması gələcək təxribatlardan sığortalanmaq üçün əsas vasitə kimi qiymətləndirilməlidir. “İranın həmin sürüclərdən kəşfiyyat məqsədilə istifadə etməsində təəccüblü heç nə olmaz, amma diversiya məqsədilə istifadə etməsi bir qədər yeni bir hal yaradır. Hazırda vəziyyət elə bir yerdədir ki, hər bir imkandan xüsusi xidmət orqanları istifadə edib, vəziyyəti gərginləşdirməyə çalışa bilərlər. Ona görə də heç şübhəsiz ki, Azərbaycan ərazisinə daxil olmaq istəyənlərin kimliyi ilə bağlı, hansı peşə sahibi olmaları ilə bağlı məlumat mütləq dəqiqləşdirilməlidir. Yəni, açıq qapı olmamalıdır. Kimsə gəlib, elə istədiyi zaman keçməməlidir”.
İranın “humanitar şou”da iştirak ehtimalını artıran digər məqamlar da var: hələ 44 günlük Vətən Müharibəsində bu ölkənin humanitar yardım adı altında separatçılara silah yardımı göstərməsi Azərbaycana yaxşı məlumdur. İndi "Laçın" postunda dayannan həmin TIR-ların da İranda doldurulması təəccüblü görünməməlidir. Bütün hallarda, siyasi şərhçilər sözügedən TIR-ların keçidinə icazə verilməməsini ən optimal yol kimi dəyərləndirirlər.
ZEYNƏB