CEYHUN BAYRAMOV SERGEY LAVROVA ZƏNG EDİB
Bölmə: Siyasət › ,Tarix: 22:52 15.08.2023
Rusiya və Azərbaycan xarici işlər nazirləri - Sergey Lavrov və Ceyhun Bayramov arasında telefon danışığı olub. Azərbaycan tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Azərbaycan və Rusiya arasında əməkdaşlıq gündəliyi, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, habelə regiondakı hazırki vəziyyət müzakirə olunub.Ceyhun Bayramov, Ermənistanın beynəlxalq hüquq normaları və prinsiplərinə zidd olaraq, Azərbaycana qarşı hərbi-siyasi təxribatlarını intensivləşdirməsinin iki ölkə arasında mövcud normallaşma prosesinə ciddi zərbə vurduğunu diqqətə çatdırıb. Bölgədə guya “gərgin humanitar vəziyyət”, “blokada”nın mövcudluğu ilə bağlı manipulyasiyalarını davam etdirən Ermənistanın, erməni sakinlərin təlabatlarının ödənməsi üçün Laçın yolu və digər alternativ yollardan istifadə ilə bağlı məsələlərin həll olunması üçün əldə olunmuş razılaşmalara əməl etmək əvəzinə, sülh prosesinə maneəçilik törətdiyi bildirilib. Sergey Lavrov, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr Üçtərəfli Bəyanatla təsbit olunan öhdəliklərə sadiqliyin vacibliyini qeyd edib.Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.