"BMT-nin Azərbaycana qarşı qətnamə qəbul edəcəyi inandırıcı deyil"
Bölmə: Siyasət › ,Tarix: 16:54 16.08.2023
Ermənistanın müraciəti əsasında BMT Təhlükəsizlik Şurasının Qarabağda humanitar vəziyyəti müzakirə etmək üçün sessiya çağırması Ermənistanın növbəti təxribatıdır. Sülh sazişinin imzalanmasına yaxınlaşdığımız bir vaxtda Ermənistan normal prosesləri pozdu. Prosesin axarını pozmaq üçün şoular düzəltdi və bunu beynəlxalq səviyyəyə çıxardı. Beynəlxalq miqyasda ona dəstək verən dövlətlər, təşkilatlar və erməni lobbisinn dəstəyi ilə işi BMT-nin müzakirəsinə qədər gətirib çıxardı.
Bu məsələdə Ermənistana əsas dəstək verən dövlətlər Fransa və ABŞ-dir. Hesab edirəm ki, Ermənistanın bu məsələni BMT səviyyəsinə gətirib çıxarması növbəti avantüradan başqa bir şey olmayacaq. Ermənistan istədiyi nəticəni ala bilməyəcək.
BMT-nin Azərbaycana qarşı qətnamə qəbul edəcəyi inandırıcı görünmür. Belə bir addımın atılması bölgədə gedən sülh və sabitlik prosesinə, BMT-nin dünyada sülhün müdafiəçisi olması imicinə çox böyük bir zərbə olar.
Bu məsələdə Rusiya və Çinin bitərəf qalması mümkün ola bilər. Ümumi götürdükdə isə, Ermənistanın bütün bu çalışmaları, həm də Rusiyanın əleyhinədir. Dünən Azərbaycan və Rusiya xarici işlər nazirləri telefonla danışıb, yəqin bu haqda da müzakirələr aparıblar. Ermənistanın bu addımı bölgəyə 3-cü qüvvələrin cəlb olunması istiqamətində aparılan bir çalışmalıdır.
Rusiyanın da bu mövzuda Azərbaycanı dəstəkləməsi lazımdır. Çin isə həmişəki kimi, bitərəf siyasət yürüdür. Hər iki tərəflə münasibətləri saxlamaq qədim Çin hiyləgərliyidir. Ümumilikdə isə, bunun Ermənistana heç bir faydası olmayacaq. Bunun Azərbaycana təsir edəcəyini gözləmələri sadəlövhlükdən başqa bir şey deyil.
Mübariz Göyüşlü
Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi