Bakı İrəvanı öz silahı ilə vurdu- Xankəndi istiqamətində kritik gediş

Bölmə: Siyasət › ,
Tarix: 16:59 16.08.2023

   Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri və hərbi nümayəndələrin Ağdama səfəri başlayıb. 45 ölkə və 12 beynəlxalq təşkilatdan 100-ə yaxın diplomat və hərbçidən ibarət heyət Ağdam-Xankəndi avtomobil yolu, həmçinin Bərdə-Ağdam dəmiryolu olmaqla Qarabağ iqtisadi zonasının hazırkı yol infrastruktur potensialı ilə əyani tanış olacaq.  

  Eyni zamanda qonaqlara 30 ilə yaxın davam etmiş işğal dövründə Ağdamda törədilən dağıntılar haqqında məlumat veriləcək. Qonaqların hazırda şəhərdə davam edən genişmiqyaslı quruculuq işləri ilə də yaxından tanış olması nəzərdə tutulur. Prinsip etibarilə rəsmi Bakının bu addımı atacağı gözlənilirdi. Hesab edirəm, Azərbaycanı iki başlıca səbəb buna vadar etdi: Birincisi, Azərbaycanda çalışan xarici ölkə diplomatları ölkələri üçün müxtəlif hesabatlar hazırlayırlar. Son vaxtlar bölgədəki gərginlik səbəbindən işlərinin həcmi artıb. Bir çoxu hadisələri özləri üçün aydınlaşdırmağa çalışırdı.

  Ölkəmizə akkreditə olunmuş diplomatik korpus üzvlərini düşündürən əsas sual “Qarabağdakı ermənilərin sosial durumu həqiqətən ağırdır, yoxsa məsələni şişirdirlər?” idi. Rəsmi Bakı həm bu suallara cavab vermək, həm də görülən işlərlə diplomatları yerindəcə tanış etmək üçün bu səfəri təşkil etdi. Hesab etmək olar ki, bu səfərdən sonra iştirakçılar mənsub olduqları ölkələrə həm Ağdam-Xankəndi avtomobil yolu, həm də Bərdə-Ağdam dəmiryolu olmaqla Qarabağ iqtisadi zonasının hazırkı yol infrastruktur potensialı ilə bağlı məlumat verəcəklər. Ümumiyyətlə, indiki həssas zamanda rəsmi Bakı bu kimi səfərlərin sayını artırmalıdır.

  İkincisi, Ermənistan bir müddət öncə akkreditə olunmuş diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələrini Azərbaycanla sərhəddə yerləşən, hazırda “humanitar yük” adı ilə göndərilmiş 19 TIR-ın dayandığı Kornidzor kəndinə gətirdi. Onlara burada öz maraqları kontekstində məlumatlar verildi. Hətta rəsmi Bakının guya Qarabağ ermənilərinə blokada tətbiq etdiyi diplomatlara bildirildi.

  Rəsmi Bakının indiki məqamda Azərbaycanda akkreditə olunmuş diplomatları Ağdama aparması İrəvanın addımına cavab mahiyyəti daşırır. Həm də bununla İrəvanın “blokada”, “humanitar böhran” iddialarını çürütmək istəyir. Xüsusilə Ağdam-Xankəndi avtomobil yolu, həmçinin Bərdə-Ağdam dəmiryolunun diplomatlara təqdim edilməsi humanitar yüklərin bu yolla daha tez və təhlükəsiz çatdırılması ilə bağlı sübut mahiyyəti daşıyır.

  Nəticə etibarilə Qarabağ ermənilərinin Azərbaycan qanunlarını qəbul etməkdən başqa alternativləri yoxdur. Humanitar yüklər isə yalnız Ağdam-Xankəndi yolu ilə daşına bilər. Rəsmi Bakı bunu bir daha elan etdi.

 

Müəllif: Politoloq Turan Rzayev