“İnsan insanı donuzamı yedirdər?!”- Keçmiş əsirin ürəkparçalayan YADDAŞI
Bölmə: Siyasət › ,Tarix: 18:31 16.08.2023
“Çox əsirləri iş adıyla aparıb geri gətirməmişdilər. Bax, gördüyünüz bu məzarlıqdan da bilinir ki, həmin o əsirlər bunlardır. Mən bunu deyə bilərəm ki, heç bir yerdə mən bu vəhşiliyin şahidi olmamışam. İnsan insanı donuzamı yedirdər?!”... Söhbət Şuşada, keçmiş Şuşa həbsxanasının ərazisində tapılan 17 nəfərə məxsus kütləvi məzarlıqdan gedir. Əsir və İtkin düşmüş girov götrülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının əməkdaşı Zaur İsmayılovun sözlərinə görə, işgəncələr nəticəsində vəfat edən əsir və girovlar xaotik və nalayiq vəziyyətdə Şuşa həbsxanasının ərazisində çirkab sularının yığıldığı quyuya atılıb. Həmin sümük qalıqlarından 11-i tam, 6-sı isə insan skeletinin müxtəlif fraqmentləridir.
Heç bir yerdə bu vəhşiliyin şahidi olmadığını deyən isə keçmiş əsir Həbib Kazımovdur. Ermənilərin verdiyi işgəncələrin canlı şahidlərindən biri... Həbib deyir ki, işgəncələrdən qalan yaralar qabar bağlasa da, həmin anlar ruhunda və yaddaşında ilk günki kimi qalır. “Onların çox amansız münasinbətlərindən danışmaq olar, çünki belə deyək də, vəhşi qəbiləmi deyək , nə deyək heç ad tapa bilmirəm mən onlara. Onlar bizim çox qanımızı içiblər. Dırnaqlarımızı çəkiblər. Ölənə qədər döyüblər. Kimi dözdü, kimi dözmədi. Mənim üzərimdə 7-8 dənə dubinka sındırıblar. Dubinka ilə gələndə sevinirdik”.
Qeyd edək ki, ərazilərimiz işğaldan azad edildikdən sonra Şuşa rayonun Daşaltı kəndində, Xocavənd rayonunun Edilli kəndində, Xocalı rayonunun Fərrux kəndində, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində kütləvi məzarlıqlar aşkar edilib. Həmin ərazilərdən ümumilikdə 400-dən artıq meyit qalıqları götürülərək ekspertizaya göndərilib.
NƏRGİZ