Xanımlara sənət və musiqi hədiyyəsi -Fotolent

Bölmə: Mədəniyyət › ,
Tarix: 10:44 06.03.2015

Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin, "Kukla" art qalereyasının və Milli Musiqi Komitəsinin təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş "Gözəllik nuru" adlı layihənin növbəti təqdimatı keçirilib. Təsviri sənətlə musiqinin, vernisaj və teatrın sintezi olan layihə xanımlara əsl bayram təbrikidir.

Təqdimatda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirin məzmun və əhəmiyyətindən söz adıb: "Bu axşamın əsas məzmununu gözəllik təşkil edir. Gözəllik bəşəriyyət tarixində qadınların obrazında yaradılıb. Bir çox mahnılar, sənət əsərləri, memarlıq abidələri gözəllikdən güc alaraq ərsəyə gəlib. Xanım gözəllik, gözəllik isə xanım deməkdir. Bugünkü "Gözəllik nuru" adlı tədbir də bizim əziz xanımlara həsr edilib. Biz bu tədbir vasitəsilə həm bizimlə çiyin-çiyinə çalışan xanımları, həm də Azərbaycanın bütün xanımlarını təbrik edirik".

Nazir qeyd edib ki, "Gözəllik nuru" incəsənət layihəsi qadınların incəsənətdəki və həyatdakı roluna həsr olunub. Hər bir iştirakçı bu ideyanı özünəməxsus şəkildə əks etdirir: "Ənənəvi olaraq keçirilən layihənin növbəti mərhələsi hər il daha maraqlı yeniliklərlə görüşünüzə gəlir. Builki layihədə "Gözəllik nuru"nun əsas konsepsiyası teatr və musiqi sənəti ilə üzvi şəkildə birləşən təsviri incəsənətdir. Bu il layihənin əsasında ölkəmizin iki tanınmış qadın rəssamı - İrina Eldarova və Rəna Əmrahovanın yaradıcılığı durur. Onların hər ikisi qadın şəxsiyyətinin sirrini özünəməxsus şəkildə açıqlayır. Rəna Əmrahova bu məsələdə mənəvi və emosional təfərrüata diqqəti cəlb edirsə, İrina Eldarova intellekt və dünyagörüşünün dərinliyinə varır".

Azərbaycanın nailiyyətlərində qadınların rolunun, onların fəaliyyətinin daim dövlətin diqqət mərkəzində olduğunu vurğulayan Əbülfəs Qarayev qeyd edib ki, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da sosial sahələrdə gördüyü işlər, qadın problemlərinə diqqəti ilə xanımlarımızın rifahının yaxşılaşdırılmasına, onların cəmiyyətdə yüksəkdə durmasına dəstəyini əsirgəmir. Nazir bütün qadınları qarşıdan gələn bayram münasibətilə təbrik edərək onlara cansağlığı və xoşbəxtlik arzulayıb.

Sonra layihənin musiqi və təsviri sənət təqdimatı olub. Əvvəlcə kişi ifaçılar xanımlara musiqi çələngi hədiyyə edib. Elçin Şirinovun rəhbərliyi ilə caz qrupu, Vurğun Vəkilov (fortepiano), Ceyla Seyidova (skripka) və vokal ifaçısı Mərziyə Hüseynovanın çıxışı xanımlara ünvanlanıb. Q.Qarayev, F.Şopen, V.Mustafazadənin əsərlərinin səslənməsi tədbirdə əsl bayram əhvalı yaradıb. Bayramın teatr təbriki isə Pantomima və Kukla teatrlarının kollektivindən gəlib.

Sərgi ilə tanışlıq iştirakçılarda böyük maraq doğurub. Sərgidə rəngkarlığı incəsənətin başqa bir növü - kukla ustalığı tamamlayır. Ekspozisiyada "Kukla" art qalereyasının kolleksiyasından eksponatlar yer alıb. Sərgi martın 12-dək davam edəcək.