“20 YANVAR”DA GƏRGİNLİK YAŞANDI

Bölmə: Hadisə › ,
Tarix: 14:14 18.08.2023

  Havaların isti keçməsi sərnişinləri daha çox metroya yönəldir. Sərin hava, kondisionerli vaqon arzusu ilə metroya üz tutanlar bu gün səhər saatlarında “20 yanvar” stansiyasında müşkülə düşüblər. Esklatorların işləməməsi narazılaqları sosial şəbəkələrdə müzakirələrə qədər gətirib.

   “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov insidentə aydınlıq gətirib. “İnformator”a açıqlamasında Metropoliten rəsmisi “20 yanvar” metro stansiyasında quraşdırılan eskalatorların müasir tipli olduğunu bildirib. “Qeyd olunan ərəfədə isə, sərnişin ehtiyatsızlığı səbəbi ilə eskalator dayanıb və təbii ki, belə olduqda, Metropoliten təlimat tələblərinə uyğun olaraq həmin eskalatora işçi personalı yaxınlaşmalı və onu çəpərləməlidir. Eskalator dispetçeri digər eskalatorun çəpərləyicisini açaraq məlumat verməli və işə salmalıdır. Yəni bu prosesə qədər qeyd edilən sərnişinlər həmin eskalatorla qalxıblar”. Bəxtiyar Məmmədov belə olduqda, hər hansı bir təhlükəsizlik qaydasının pozulmadığını, sadəcə olaraq, bu hallarda bir eskalator dayanarsa, digərinin qoşulmasının müəyyən prosedur qaydaları tələb etdiyini deyir. Əlavə edir ki, buna da əməl olunub. “Metropoliten əməkdaşı ilə sərnişin arasında bir situasiya, təşviş doğuracaq hadisə yaxud narazılıqla bağlı hər hansı bir problem yaşanmayıb. Digər eskalator qoşulub, çünki Metropolitenin təlimat qaydalarına uyğun olaraq istənilən halda eskalator dayanmalı, sonra texniki baxış keçirilməlidir. Texniki baxış keçirilərək müasir tipli eskalatorlara, avtomatlaşdırılmış sistemdəki məlumatlara da baxılıb. Hər hansı bir texniki səbəb olmadığı müəyyən edilib. Həmin eskalator da işlək vəziyyətdədir və sərnişinlərə xidmət göstərməyə hazırdır. 1 dəqiqə, yaxud dəqiqə yarım sonra digər eskalator qoşulub və hər hansı bir problem müşahidə edilməyib”.

 

Aydan Qasımova