Lənkəran tarix diyarşünaslıq muzeyinin 100-dən çox əşyası bərpa edilib-Fotolent

Bölmə: Mədəniyyət › ,
Tarix: 11:11 06.04.2015

Son aylar ərzində Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində Azərbaycan Xalça Muzeyi, Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Teatr Muzeyi, Əzim Əzimzadənin və Üzeyir Hacıbəylinin ev muzeyləri ilə yanaşı, Şəki, Lənkəran, Lerik, Beyləqan, Astara, Şirvan, Ucar, Masallı və d. bölgələrin tarix - diyarşünasıq və ev muzeylərinin toplularından da xalça, xalça məmulatı, qrafika, rəngkarlıq, tikmə, parça, kağız və s. 500-ə yaxın muzey əşyası bərpa və konservasiya olunmuş və olunmaqdadır.

Mədəniyyət və turizm nazirliyindən İnformator-a verilən məlumata görə, Lənkəran tarix diyarşünaslıq muzeyinin təmirdən sonra yeni ekspozisiyasının açılması ilə əlaqədar Mərkəzin bərpaçıları gərgin iş fəaliyyəti nəticəsində tez bir zamanda bu muzeyə məxsus 100-dən çox muzey əşyasını müvəffəqiyyətlə bərpa edilib. Hazırda Əzim Əzimzadənin ev və Masallı tarix diyarşünaslıq muzeylərinin yeni binada ekspozisiyalarının açılışı ilə əlaqədar bu muzeylərə məxsus əşyalar üzərində bərpa və konservasiya işləri aparılır. Eyni zamanda əşyalarının bərpa və konservasiyası olunması məqsədilə mərkəzə Ağsu və Yevlax tarix-diyarşünaslıq muzeylərindən ilk dəfə olaraq müraciət edilib və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin göstərişi ilə bu muzeylərə məxsus 200-ə yaxın əşya bərpa üçün Mərkəzə gətirilib.
 
1 aprel 2015-ci il tarixdə Mərkəzdə növbəti dəfə Elmi Bərpa Şurasının iclası keçirilib. İclas zamanı Mərkəzə Astara, Yevlax, Ağsu, Masallı tarix -diyarşünaslıq muzeylərindən, eləcə də Şəki Xalq Tətbiqi Sənəti Muzeyi, Sabit Rəhmanın ev muzeyi, Əzim Əzimzadənin ev muzeyindən bərpa və konservasiya üçün daxil olmuş əşyaların bir qisminə baxış keçirilib və bərpa üsulları müzakirə edilib. Eyni zamanda Üzeyir Hacıbəylinin ev muzeyinə məxsus 15 ədəd sənədin bərpadan sonrakı vəziyyəti müzakirə edilərək bərpa səviyyəsi yüksək qiymətləndirilib.